İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 12 iyun — Sputnik. Bu günədək Gürcüstanda 831 nəfər yeni növ koronavirus COVİD-19 infekiyasına yoluxub. Sputnik Gürcüstan xəbər verir ki, onlardan 13 nəfəri ölüb. Hazırda 303 nəfər xüsusi xəstəxanalarda müalicə alır. 3213 nəfər isə Gürcüstanın müxtəlif ərazilərində karantində saxlanılır.
Xatırladaq ki, Gürcüstanda ilk yoluxma faktı fevralın 26-da qeydə alınıb. Xəstəliyin yayılma təhlükəsinin qarşısının alınması məqsədilə martın 21-dən ölkədə xüsusi karantin rejimi elan edilib. Mayın 23-də isə karantin rejimi ləğv olunub.
Hazırda Gürcüstanın Bolnisi rayonunun Muşevani və Geta kəndlərində karantin rejimi davam edir. Hamı üçün maraqlıdır ki, Gürcüstan bütün dünya üçün kabusa çevrilən bir bəlaya necə qalib gələ bildi? İkinci dalğa gözlənilirmi?
Milli Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri Əli Babayev Sputnik Azərbaycan-a müsahibəsində deyib ki, Gürcüstanda koronavirus ilk dəfə İrandan gələn Gürcüstan vətəndaşında görülüb. Bundan sonra baş nazirin rəhbərliyi ilə ölkənin tanınmış mütəxəssislərindən ibarət Şura yaradılıb. Bu şurada hökümətin bütün strukturlarından nümayəndələr təmsil olunub.
Əli Babayevin sözlərinə görə, Gürcüstanda pandemiya ilə mübarizə tədbiri kimi öncə sərhədlər bağlanıb. Həmin dövrdən etibarən Şura pandemiya ilə bağlı verilən qərarları, statistikanı, görüləcək tədbirləri ictimaiyyətin nəzərinə çatdırmağa başlayıb.
Müsahibimizin fikrincə, Gürcüstanda pandemiyanın qarşısının alınması üçün çox ciddi tədbirlər görülüb.
"Məktəblərin bağlanması, təhsilin və digər sahələrin onlayn sistemə keçirilməsi çox böyük nəticə verdi. İnsanlar olduqları yerdə qaldıqları üçün xəstəlik halları tez müəyyən edilərək müalicə edildi, digər vətəndaşlar təcrid olundu", - deyən Babayev hesab edir ki, Gürcüstanda infeksiyaya yoluxma hallarının azalmasına ilkin səbəb vətəndaşların verilən qərarları ciddi şəkildə qəbul etməsi olub.
Ə.Babayev bu müddətdə Marneuli və Bolnisidə yaşayan azərbaycanlıların vəziyyətindən də söz açıb. O qeyd edib ki, xəstəliyə yoluxma halları bu ərazilərdə çox müşahidə edilib. Həmin dövrdə Milli Gürcüstan Azərbaycanlıları Konqresi bu ərazilərdə olan imkansız ailələrə yardım göstərib.
"Diasporla üzrə Dövlət Komitəsinə, xüsusilə Fuad Muradova minnətdarlıq edirəm. Biz Qardabani, Karteri, Tbilisi, Kaxeti rayonlarında imkansız ailələrə yardım etdik. Bundan başqa hər yer bağlı olduğu zaman belə biz onlayn informasiya yardımı edirdik. Hətta Marneulidə xüsusi qırmızı zona yarananda baş nazir bu barədə gecə 00.00-da məlumat vermişdi. Biz gecə vaxtı 700 nəfərə bu barədə məlumat verib, qaydalara əməl etməyi xahiş etdik", - deyən deputatın fikrincə, pandemiyaya qarşı mübarizədə Gürcüstanın lider ölkələrdən birinə çevrilməsinə səbəb, vətəndaşların qaydalara əməl etməsi və güclü tibbi personalın olmasıdır.
"Koronavirusla mübarizədə bütün sistem-cəmiyyət-hökümət-tibb işçiləri birlik olaraq mübarizə apardı", - deyən Babayev də hazırda Gürcüstan iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğunu bildirib.
Gürcüstan turizm ölkəsi olduğu üçün sərhədlər bağladıqdan sonra ölkənin gəlirləri azalıb: "Otellər, mehmanxanalar, evlər, koteclər - hamısı boş vəziyyətdədir. Bu zərərin qarşısının alınması üçün hökümət xüsusi böhran planı hazırlayıb. İşsizlərə kompensasiya verildi. Fermerlərə, iş adamlarına yardımlar edildi. Hazırda yavaş-yavaş bütün bağlanan ərazilər açılır".
Onun sözlərinə görə, iyunun 15-dən ölkə daxili turizmə açılır. İyulun 1-dən isə digər ölkələrlə hava əlaqəsi açılacaq.
Ə. Babayev qeyd edib ki, Gürcütanda da qaydalara görə, ictimai yerlərdə maska taxılmalıdır. Qaydaları pozan vətəndaşlar 50 lari cərimə edilir: "Yəni pandemiya hələ davam edir. Mübarizə tədbirləri də aparılır. Hazırda yaradılan Şura ikinci dalğaya hazırlaşır. Ola bilsin ki, pandemiya qayıtdı. Buna görə müəyyən tədbirlər görülür".
Ə. Babayev son günlər Azərbaycanda polisə qarşı olan münasibətdən də danışıb. O bildirib ki, qaydalara tabe olmamaq, polisə zibil atmaq kənardan çox gülünc görünür:
"İnanın ki, bizə gülürdülər. Deyirdilər ki, azərbaycanlılar polislə necə davranır. Burada polisə çox hörmətlə yanaşılır. Hamı başa düşür ki, polisin də ailəsi var və polis risk qrupuna daxildir. O, hər an xəstəliyə yoluxa bilər".
Marneuli Aversi klinikasının departament müdiri Əli Əliyevin fikrincə isə Gürcüstanda pandemiyaya qarşı mübarizədə xalqın qaydalara əməl etməsinin böyük rolu olub:
"Birinci növbədə xalq karantinə, qaydalara yaxşı riayət etdi. Xalq özü xəstəliyə yoluxmamaqda çox maraqlı idi. Vətəndaşlar özləri də xəstəlikdən qorunmaq üçün çalışır, əksər insanlar test verərək, virusa yoluxub-yoluxmadıqlarına əmin olmağa çalışırdı".
Həkim bildirib ki, Gürcüstanda da ictimai yerlərdə maska taxmaq qadağası var və vətəndaşlar bütün qaydalara əməl etməyə çalışırlar.
"Gürcüstanda karantin rejimi rahatlıqla qəbul edildi, güclü problem yaşanmadı. Koronavirusu daha çox xroniki xəstəliyi olan şəxslər ağır keçirirdi. Ölənlərin 95 faizi yaşlı və xroniki xəstəliyi olan şəxslərdir. Ölənlər arasında cavanlar yoxdur. Ölənlər 50 yaşdan yuxarı insanlardır", - deyən həkim bildirib ki, buna baxmayaraq, hazırkı vəziyyətdə Gürcüstanın qələbə çaldığını demək olmaz.
Sadəcə, Gürcsütan karantin rejiminə vaxtında başlayıb, qadağa və məhdudiyyətləri vaxtında qoyduğu üçün bu sınaqdan daha rahat çıxdı. Amma ikinci dalğanın olmayacağına kimsə zəmanət verə bilməz.