BAKI, 11 iyun — Sputnik, Zarina Orucəliyeva. Sosial şəbəkələrdə "şöhrət qazanan" vicdansız dezinfektorlar Bakı şəhər dezinfeksiya Mərkəzinin əməkdaşları deyil. Bunu Sputnik Azərbaycan-a Mərkəzin direktoru Akif Məmmədov bildirib.
Bakıda keçirilən genişmiqyaslı dezinfeksiya işlərindən sonra, iyunun 7-də sosial şəbəkələrdə şəhərin viruslardan necə zərərsizləşdirildiyi barədə videoçarxlar yerləşdirilib. Əsas müzakirə mövzusu isə "bacarıqlı" dezenfektorların yer aldığı kadrlar olub. Belə ki, qoruyucu kostyum geyinmiş bir qrup insan fəvvarədən adi suyu kimyəvi məhlullar üçün konteynerlərə dolduraraq “dezinfeksiya” işləri görüb. Digər kadrlarda isə əllərində boş kanistrlər olan kişilərin yalandan əl hərəkətləri edərək özlərini dezinfeksiya edirmiş kimi göstərdikləri əksini tapıb. Bir başqa kadrda isə kamera çəkilişi zamanı dezinfeksiya işlərinin görüldüyü, “ştatlı operator” kameranı söndürən kimi işlərin dayandırıldığı görünür. Mobil telefonla çəkiliş bitəndən sonra dezinfeksiya heyəti işi yarımçıq qoyaraq ərazini tərk edir.
Əgər məsələ son dərəcə ciddi olmasaydı, bəlkə də bu kadrlara baxıb gülərək keçmək olardı. Amma axı böyük şəhərin dezinfeksiyası sadə əyləncə deyil, burada insanların sağlamlığı və məkrli koronavirusa görə itirilən həyatlar müzakirə mövzusudur. Üstəlik, Azərbaycanda yoluxma statistikası hər gün artır.
Dezinfektorların bütün bu "fəaliyyətini" şərh edən Akif Məmmədov deyib ki, sözügedən çarxlardakı qoruyucu kostyumlarda olan adamlar Bakı şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları deyillər.
O, rəhbərlik etdiyi mərkəzin yalnız qapalı binalarda dezinfeksiya etdiyini bildirib.
"Bu iş infeksion xəstəliklərə yoluxmuş şəxslərin olduğu yerlərlə bağlı aparıla bilər. Videoçarxlarda əks olunmuş adamlar isə işi açıq havada təqlid etməyə çalışırlar. Onlar, yəqin ki, şəhər icra hakimiyyətinin işçiləridirlər", - deyə mütəxəssis vurğulayıb.
Məmmədov etiraf edib ki, dezinfeksiya işlərinin nəyə görə bu şəkildə aparıldığını özü də başa düşmür.
"Bu, çox həssas sahədir", - deyə o qeyzlənərək bildirib.
Xatırladaq ki, aprelin 15-dən etibarən Bakıda irimiqyaslı dezinfeksiya tədbirləri həyata keçirilir. Paytaxtın mərkəzi hissəsində və qəsəbələrində 300-dən çox əsas küçə, prospekt və yollarda xüsusi texnika və kimyəvi məhlulların köməyilə dezinfeksiya işləri görülür. Hər dəfə onlarla xüsusi nəqliyyat vasitəsi və minlərlə kommunal xidmət işçisi dezinfeksiya işlərinə cəlb olunur.
Qeyd edək ki, çoxsaylı cəhdlərə baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyətindən sözügedən “gözdən pərdə asan dezinfektorlar”ın hansı idarəyə aid olması barədə şərh ala bilmədik.