Azərbaycanda nəhayət idman mövsümü başlayıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın məlumatına görə, iyunun 1-dən açıq havadan idman yarışlarının keçirilməsinə və məşqlərə davam edilməsinə icazə verildi.
Bu anı çoxdan gözləyən velosipedçilər isə bu gün uzun fasilədən sonra ilk velotrek yarışına qatılıblar. Mart ayının 7 və 8-də keçirilməli olan yarış düz üç ay təxirə salınıb. Təəssüf ki, yarış ikinci dəfə də təxirə salınmalı olub. Ötən həftəsonu, ayın 6-da keçirilməli yarış nəhayət bu gün baş tutub.
Azərbaycan Velosiped İdman Federasiyasının mətbuat katibi Pərviz Musayevin dediyinə görə, idmançılar bu üç ayı səmərəsiz keçirməyiblər. Onlara federasiya tərəfindən velosipedlər verilib ki, onlar karantin şəraitində məşqlərinə davam edə bilsinlər.
“Hal-hazırda yarışı yüngül formada keçiririk. İdmançılar yalnız üç kateqoriyada yarışıblar. Yarışın yoxlama xarakterli olmasının məqsədi idmançıların fiziki durumunu yoxlamaq olub. Yarış təqvimimiz alt-üst olduğu üçün gələn həftədən yarışları adi formatda davam etdirəcəyik”, - deyə mətbuat katibi bizimlə bölüşüb.
Və təbii ki, ölkədə karantin rejiminin davam etdiyinə görə yarış zamanı idmançıların təhlükəsizliyi prioritet məsələ olaraq qalıb. Yarış tamamilə tamaşaçısız keçib, hətta mükafatlandırma zamanı sütunlar bir-birindən ayrı yerləşdirilib və idmançılar və onların ətrafındakı hər kəs maska taxmalı olub.
Bu gün idmançılar üç kateqoriyada güclərini və hazırlığını sınayıblar – U-15, U-17 və gənclər. Yarışda 60-a yaxın idmançı iştirak edib.
Hal-hazırda isə hər kəs sərhədlərin açılmasını və təyyarə reyslərinin bərpa edilməsini gözləyir. Belə olacaq halda, idmançılarımız artıq gələn ay Türkiyədə mövsümün ilk beynəlxalq yarışında iştirak edə biləcəklər.
Biz isə mövsümün ilk idman yarışına qatılmağın sevincini yaşayırıq.