BAKI, 9 iyun - Sputnik, Teymur Tuşiyev. 2032-ci ildə Yay Olimpiya və Paralmpiya oyunları Azərbaycanın qonşuluğundakı Türkiyədə keçirilə bilər. Bu barədə Sputnik Azərbaycan Insidthegames-ə istinadən məlumat verir.
Türkiyənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Hasan Aratın sözlərinə görə, İstanbul 2032-ci ildə Yay Olimpiya və Paralmpiya oyunlarınə keçirmək üçün namizədliyini irəli sürmək fikrindədir.
O vurğulayıb ki, Türkiyənin Yay Olimpiya oyunları kimi iri miqyaslı yarışların keçirməyə haqqı çatır.
"Türkiyə 2032-ci il Olimpiadasını keçirməyə namizədliyini irəli sürməlidir, bu bizim haqqımızdır. Biz 2020-ci il Olimpiadasını keçirmək üzrə kampaniyada infrastrukturun yaxşılaşdırılmasına dair bütün vədlərimizi yerinə yetirmişik. İstanbul Olimpiada-2032-ni keçirməyə hazırdır və təşkilatçı şəhər kimi seçilməlidir", - Arat bildirib.
Qeyd edək ki, 2032-ci ilin Olimpiya oyunlarını keçirmək üçün Avstraliya da öz namizədliyini irəli sürmək niyyətindədir.
İstanbul 2020-ci il Olimpiadasını keçirmək üçün də namizədliyini irəli sürmüşdü və bu məsələdə Bakının rəqiblərindən biri idi. Həmin vaxt namizədlər arasından Yaponiyanın paytaxtı Tokio qalib çıxdı.
2024-cü ildə Yay Olimpiya və Paralimpiya oyunları Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçirilməlidir.