BAKI, 26 may — Sputnik. Yaponiya "Aviqan", "Avifavir" adları ilə də tanınan, qrip əleyhinə olan "Favipiravir" preparatının koronavirusun müalicəsində istifadə edilməsini sertifikatlaşdırmaqdan imtina edib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Yaponiya hökuməti preparatın kliniki sınaqlardan sonra sertifikatlaşdırılmasını may ayının sonlarına planlasa da alimlər preparatın koronavirusa qarşı effektivliyini sübut edə bilməyiblər.
Nəticədə dərman vasitəsinin sertifikatlaşdırılması qeyri-müəyyən tarixə qədər təxirə salınıb və araşdırmaların davam etdirilməsinə qərar verilib.
"Favipiravir" preparatı Yaponiyanın Fujifilm Holdings korporasiyası tərəfindən hazırlanıb. Yaponiya hökuməti bu preparatı qrip epidemiyası üçün nəzərdə tutaraq, ehtiyatda saxlayıb. Dərman Ebola qızdırması zamanı da istifadə edilib. Preparatın çox sayda əks təsirləri var.
Daha əvvəl isə Yaponiyanın bu preparatı 43 ölkəyə çatdıracağı qeyd edilirdi.