BAKI, 25 may - Sputnik. Bəşəriyyət hələ yalnız COVID-19 xəstəliyinin birinci dalğasının ortasına çatıb. Pandemiyanın növbəti piki tamamilə gözləniləndir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə proqramının rəhbəri Mayk Rayan deyib.
“Hal-hazırda biz ikinci dalğanı yaşamırıq, biz hələ birinci dalğanın tam ortasındayıq. <...> Biz bu dalğanın ikinci pik nöqtəsini də görə bilərik: qabaqlar da pandemiyalar zamanı belə hallar olub”, - Rayan deyib.
O izah edib ki, pandemiyanın yeni pik həddi virusun Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada yayılması ilə gələ bilər.
Rayanın sözlərinə görə, xəstəliyin artımının müvəqqəti yavaşıması o demək deyil ki, bu meyl gələcəkdə də davam edəcək.
O, həmçinin qeyd edib ki, dünya bundan sonra infeksiyanın ikinci dalğasını da qarşılamağa hazır olmalıdır: o, mövsümi qriplə üst-üstə düşə bilər.
Qeyd edək ki, COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 yeni tip koronavirusu 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. 2020-ci il martın 11-də ÜST yeni koronavirus epidemiyasını pandemiya adlandırıb.