BAKI, 26 may — Sputnik. ABŞ Pekinin Vaşinqtondan COVID-19 vaksinini oğurlamağa çalışa biləcəyi ilə bağlı bəyanat verib. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Çjao Lijian isə bu bəyanatı əsassız adlandırıb.
"ABŞ-ın bəyanatları əsassızdır. Çin COVID-19 peyvəndinin hazırlanması sahəsində əhəmiyyətli irəliləyişə nail olub. Biz niyə ABŞ-a baxmalıyıq?", - XİN nümayəndəsi bildirib.
Çjao Lijian qeyd edib ki, hansı ölkənin vaksin üzərində tədqiqatları birinci başa çatdırmasından və onun tətbiqinə başlamasından asılı olmayaraq, bu, bəşəriyyətin pandemiyaya qarşı mübarizəsinə əhəmiyyətli bir töhfə olacaq. O, vurğulayıb ki, COVID-19 vaksininin yaradılması ABŞ və Çin arasında yox, bəşəriyyət və virus arasında bir yarışdır.
"Çin peyvəndin tədqiqi və hazırlanması sahəsində öz təcrübəsini bölüşməyə, bu sahədə beynəlxalq əməkdaşlığı möhkəmləndirməyə hazırdır", – diplomat qeyd edib.
Politoloq, "Rusiya Qlobal Siyasətdə" jurnalının baş redaktoru, "Valday" beynəlxalq diskussiya klubunun İnkişaf və Dəstək Fondunun elmi işlər üzrə direktoru Fyodor Lukyanov Sputnik radiosunun efirində ABŞ-Çin münasibətlərini şərh edib.
"Artıq aydındır ki, Çinlə ABŞ arasında sıx iqtisadi qarşılıqlı asılılığa əsaslanan uzunmüddətli münasibətlər qurmaq cəhdindən sonra ziddiyyətlər dövrü başlayıb. Pandemiya hücum etmək üçün çox yaxşı bir bəhanə verib. Ona görə də bu gün biz bu iki ölkə arasında kəskinləşmənin, ritorik müharibələrin və ümumi qarşıdurma mühitinin gərginləşməsinin şahidi oluruq. Düşünürəm ki, bundan sonra da bunun üçün müxtəlif səbəblər yaranacaq. Lakin mahiyyət aydındır: ABŞ və Çin kəskin rəqabətli mübarizə mərhələsinə, ilk növbədə, əlbəttə ki, ticarət-iqtisadi mübarizə mərhələsinə keçirlər. Lakin bu, ən müxtəlif ideoloji və təbliğat təzahürləri ilə müşayiət olunacaq. Tarixdə bir neçə dəfə baş vermiş təbii bir proses gedir: ABŞ kimi dominant və hegemon bir ölkə artıq öz dominantlığını əvvəlki kimi həyata keçirməyə qadir olmayanda həmin rola iddia edən başqa bir fövqəldövlət ortaya çıxır", - Lukyanov bildirib.