BAKI, 22 may — Sputnik. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, həmçinin Olimpiya mükafatçısı Rəsul Çunayev və Azərbaycan Çirlidinq Federasiyasının Milli yığma komandasının üzvlərinin iştirakı ilə "Olimpiya Günü" qeyd olunub.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında Olimpiya hərəkatını təbliğ və təşviq etmək olub. Ölkə başçısı, həmçinin Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin koronavirusla mübarizədə "Biz Birlikdə Güclüyük" devizinə dəstək olaraq reallaşdırılan kompozisiya dünyada və Azərbaycanda bir ilkdir.
31 may tarixinədək mərhələli şəkildə yüngülləşdirilən karantin rejiminin bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi bir həyətdə baş tutub.
Eyvanlara çıxan bina sakinləri Azərbaycan Çirlidinq Federasiyasının Milli yığma komandasının üzvlərinin təqdim etdiyi hərəkətləri təkrarlayıblar. Daha yaxşı təkrar edən və fəallığı ilə seçilən bina sakinləri MOK-un hədiyyələri ilə mükafatlandırılıb. Yunan-Roma güləşçisi və müvafiq idman növündə Rio 2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dünya və Avropa Çempionatlarının qızıl mükafatçısı, Bakı 2015 Avropa Oyunlarının çempionu, "Şöhrət" ordenli Rəsul Çunayevin çıxışı və rəqsi tədbirdə əsl çoşquya səbəb olub. Sakinlər əhəmiyyətli tarixi birgə qeyd etmək üçün eyvanlardan öz dəstəklərini əsirgəməyiblər.