BAKI, 22 may — Sputnik. Prezident İlham Əliyev pakistanlı həmkarı Arif Alviyə başsağlığı məktubu ünvanlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"
Qeyd edək ki, bu gün Kəraçi şəhərində "Pakistan Hava Yolları"na məxsus təyyarə qəzaya uğrayıb. Kəraçi şəhərinin meri Vasim Axtarın bildirdiyinə görə, qəzaya uğrayan Airbus A320 təyyarəsində olan 107 nəfərin hamısı həlak olub. Axtar həmçinin qeyd edib ki, yerdə beş-altı yaşayış evi də dağılıb, amma yerli sakinlər arasında ölənlərin olması barədə hələlik məlumat yoxdur.
Təyyarə Lahordan Kəraçiyə uçurmuş. Flightradar24 servisinin məlumatına görə, saat yarımlıq uçuşdan sonra təyyarə eniş etməyə çalışsa da, bu cəhd 84 m hündürlükdə mümkünsüz olub. 12:40-da hava gəmisi radarlardan itib.
Təyyarə yaşayış məhəlləsinin üzərinə düşüb.
Bildirilir ki, qəzaya uğrayan, AP-BLD qeydiyyat nömrəli Airbus A-320 15 il əvvəl istehsal olunub. Aviaşirkətin baş direktoru Ərşad Malikin sözlərinə görə, faciənin səbəbi texniki nasazlıq ola bilər. Pakistan hökuməti araşdırmalara başlayıb.