BAKI, 15 may — Sputnik. İranda bir aydan artıq müddətdə ilk dəfə koronavirusa yoluxanların sayı bir gün ərzində iki mini keçib. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.
"Son 24 saat ərzində koronavirusa 2102 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 116635-ə çatıb", - deyə məlumatda bildirilib.
O, həmçinin qeyd edib ki, virusa yoluxan 116635 şəxsdən 91836 nəfəri sağalıb.
Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu keçib, 302 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.