CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həkimlərimiz arzusunda olduqları pulu ala bilməyəcəklər: diqqətsizlik ediblər

© Sputnik / Murad OrujovКошелек с манатами, фото из архива
Кошелек с манатами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Müddətli əlavələri Agentlik yox, tibb işçilərinin çalışdığı müəssisələr hesablayır. Müddətli əlavələrin mart ayına nəzərdə tutulan hissəsinin digər dövlət tibb müəssisələri üzrə hesablanması və ödənilməsi prosesi davam edir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. Son günlər tibb işçilərinin maaşlarına koronovirusla əlaqədar əlavələrin verilməməsi barədə iddialar səslənir. Həkimlər və digər tibb işçiləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etsələr də, bu virusa yoluxmuş xəstələrlə əlaqədə olsalar da, maaşlarına edilməli olan əlavələri tam ala bilmədiklərindən şikayətlənirlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bəzi tibb işçiləri və tibb müəssisələrinin rəhbərlərinin əmək haqlarına əlavə artım məsələsini yanlış başa düşdüklərini söyləyib. O deyib ki, bir gün əlavə işə çıxanlar belə düşünürlər ki, onlara bir aylıq əlavə əməkhaqqı veriləcək, amma bu, belə deyil: "Mart ayı üçün 9483 tibb işçisi, 1043 qeyri-tibb işçisinə əlavələr ödənilib. Bu da 6 milyon manatdan çox vəsait deməkdir. Hələ də bizə siyahılar daxil olur. 10 mindən çox tibb və qeyri-tibb işçisi mart ayı üzrə müddətli əlavə alıb".

Ректор АМУ Герай Герайбейли, фото из архива - Sputnik Azərbaycan
"Virusun varlığını inkar edənlər daha təhlükəlidirlər" - Rektor

Bununla belə, tibb işçiləri onların koronavirusla bağlı maaşlarına əlavə edilməli məbləğin düzgün hesablanmadığını iddia edirlər. Sputnik Azərbaycan geniş mübahisəyə səbəb olan bu məqamı araşdırıb.

Öncə qeyd edək ki, bununla bağlı Prezident İlham Əliyev 2020-ci il 18 mart tarixində 1947 nömrəli Sərəncam imzalayıb. Bu sərəncamın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" qərar qəbul edib. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib. Belə ki: tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə verilməlidir. Müddətli əlavə 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

Sputnik Azərbaycan-ın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlandığı suala cavabında Agentliyin mətbuat katibi Aynurə Əhmədova bildirib ki, NK-nın bu qərarında "Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir" qeydi var:

"Çox təəssüf ki, qərarda göstərilən bu qeyd tibb işçilərinin diqqətindən yayınır. Onlar elə hesab edirlər ki, aldıqları əmək haqqının 3, 4, 5 mislində əmək haqqı almalıdırlar. Halbuki, müddətli əlavə onların əlavə çıxdıqları iş vaxtına görə hesablanır. Mart ayı üzrə koronavirusla mübarizədə iştirak edən 9483 tibb işçisinə, 1043 qeyri-tibb işçisinə ümumilikdə 6.1 milyon manat məbləğində müddətli əlavə ödənilib. Bakı şəhəri üzrə 139 dövlət tibb müəssisəsinin tibb işçilərinə, respublikanın digər şəhər və rayonları üzrə 10 dövlət tibb müəssisəsinin tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilib.

Bir məqamı da qeyd edim ki, müddətli əlavələri Agentlik yox, tibb işçilərinin çalışdığı müəssisələr hesablayır. Müddətli əlavələrin mart ayına nəzərdə tutulan hissəsinin digər dövlət tibb müəssisələri üzrə hesablanması və ödənilməsi prosesi davam edir. Dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən mart ayı üzrə müddətli əlavələr digər tibb işçilərinə də ödəniləcək. Bu həftədən isə aprel ayı üzrə müddətli əlavələrin hesablanması və ödənilməsi təmin ediləcəkdir".

Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həkimlərin ailələrinin sosial sığortası ilə bağlı razılıq var

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına əsasən, tibbi profilaktik tədbirləri həyata keçirən tibb işçilərinin əhatə dairəsinin müəyyən edilməsi Agentliyə tapşırılıb. Agentlik 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarın əhatə dairəsini aşağıdakı kimi genişləndirib:

• Tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkimi-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri;

• Təcili tibbi yardım xidmətinin və Təcili Yardım Avtobazasının sürücüləri;

• Tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla, tibb müəssisəsi rəhbərinin müavini – baş həkimlər;

• COVID-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri;

• COVID-19 infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən tibb müəssisələrinin bütün kateqoriyadan olan digər tibb işçiləri.

Xatırladaq ki, Zaur Əliyev müddətli əlavələrin hesablanmasında yanlışlığa yol verildiyini iddia edən tibb işçilərini bununla bağlı Agentliyə müraciət etməyə səsləyib.

Xəbər lenti
0