BAKI, 13 may — Sputnik. Ötən həftə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatda Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs ediliblər.
Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.
Nazirliyin saytını açıram, çox kədərli mənzərə çıxır qarşıma: Nazir müavini postu vakant yer kimi göstərilib.
Mən qəflətə qapılıb, bu əməliyyatı şərh etmək fikirindən uzağam. Çünki fəhmim mənə diqtə edir ki, bu tip ciddi məsələlərdə, prosesin sonunu gözləmək daha münasib və məqsədəuyğundur.
Əvvəlcə qeyd edim ki, “mədəniyyət” sözünün “saxtakarlıq”, “mənimsəmə” “korrupsiya” sözü ilə eyni cümlədə işlənməsi belə, məni sarsıtdı, narahat etdi.
Gəlin etiraf edək ki, nə qədər rəsmi dövlət qurumu olsa da, Mədəniyyət Nazirliyi daha çox mənəvi məzmun ehtiva edir. Sənət adamları, incəsənət xadimləri, yazıçı və şairlər, rəssamlar, rejissorlar və...saxtakarlıq, mənimsəmə, korrupsiya faktı...
Dəfələrlə Mədəniyyət Nazirliyinin (Bir vaxtlar Mədəniyyət və Turizm Nazirliyi idi) yarıtmaz fəaliyyətini tənqid etmişəm. Xüsusilə kino və ədəbiyyat sahəsində bu nazirliyin gördüyü, daha doğrusu görmədiyi işləri mümkün qədər işıqlandırmışam, ifşa etmişəm. Hərçənd heç kəsin tükü tərpənməyib, nazirlik də müsbətə doğru bircə addım da atmayıb.
Məsələn, beynəlxalq kitab sərgi-yarmarkalarının birində mənasız, məzmunsuz kitablar sərgiləyən, gündüz sərgidə “vaxt öldürüb” gecəni restoranlarda, əyləncə məkanlarında keçirən nazirlik rəsmilərini və nazirliyin beynəlxalq tədbirə apardığı nümayəndə heyətinin fəaliyyətsizliyini görəndə heyrətə gəlmişdim. Həmin beynəlxalq sərgidən yazdığım reportajda bu barədə daha ətraflı yazdığım üçün, detallara varmaq istəmirəm. Sadəcə ümumi mənzərə oxucuya aydın olsun deyə, müəyyən müşahidələrimi təkrar bölüşürəm.
Müxtəlif ölkələrdən gələn nümayəndə heyətləri canfəşanlıqla öz ədəbiyyatını, kitabını təbliğ edəndə bizim nümayəndə heyəti heç kəsin diqqətini çəkməyən guşələrində – stendlərinin qarşısında ancaq özlərinin və dostlarının iştirak etdiyi mənasız tədbirlər keçirir, toplaşıb laqqırtı vurur, deyib-gülürdülər.
İllərdir nazirliyin bu işlərlə məşğul olan rəsmiləri beynəlxalq sərgi-yarmarkaları öz istirahətləri, gəzintiləri üçün yaradılmış şərait hesab edir. Tədbirlərə dost-tanış, qohum-qardaş və bəlli adamlardan təşkil olunmuş heyətlə gedir.
Halbuki, ədəbiyyatın inkişafı, kitab bazarının formalaşması üçün təşkil edilən bu tip tədbirlərdə digər ölkələrin nümayəndələri həvəslə əməkdaşlıq müqavilələri imzalayır, müəllif hüquqlarının alınmasından, birgə əməkdaşlığa qədər müxtəlif vacib işlərlə məşğul olurdular.
Bizim Mədəniyyət Nazirliyinin göndərdiyi nümayəndə heyəti isə sərgiyə baxıb heyrətlənir, fürsət tapan kimi yeyib-içib əylənir və əliboş vətənə qayıdır.
Nəşriyyatların birinin rəhbəri kitab dövriyyəsi ilə məşğul olan şöbənin nazirlik hesabına alıb, yerli kitabxanalara payladığı kitabların siyahısını paylaşanda, şok yaşamışdım. Bu kitaba, ədəbiyyata xidmət deyil, milyonlarla dövlət vəsaitinin havaya sovrulması idi.
Sözügedən nazirliyin Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə gördüyü işlər rüsvayçılıqdır. Bu barədə dəfələrlə yazdığım üçün, təkrara ehtiyac görmürəm. Könül istərdi ki, DTX-nın yolu AYB-dən də düşsün.
Dövlətin ayırdığı pulları Mədəniyyət Nazirliyi ilə birləşib havaya sovuran qurumlardan biri də AYB-dir.
AYB-nin təqaüd, mükafat saxtakarlığından xəbərdar olanlar nə demək istədiyimi çox gözəl anlayar.
Mədəniyyət nazirliyində keçirilən əməliyyata AYB sədrinin münasibətini oxuyanda məni gülmək tutdu. Otuzillik AYB sədri, xalq yazıçısı saytların birinə açıqlamasında deyib ki, “Evdə oturmuşam, heç nəyə baxmıram. Baş verən son hadisələrdən də xəbərim yoxdur.”
Bu açıqlamanı da şərh etməyəcəm, hər şey gün kimi aydındır. Əlahəzrət sədr nazirlikdəki əməliyyatdan və yoxlamalardan xəbərsiz, romantik laqeyidliklə ölkənin yazıçı-şair ordusuna sərkərdəlik edir. Qəribədir, elə deyil?
Görəsən, nazirliyin kinematoqrafiya şöbəsinin fəaliyyəti nə zaman araşdırılacaq?
İstehsal edilib rəflərdə toz basan filmlərin, istehsalı yubanan dövlət sifarişlərinin, kino sahəsinə ayrılan milyonlarla dövlət vəsaitinin sorğu-sualı, haqq-hesabı ümid edirəm axirətə qədər qalmaz.
Son hadisələr mən fəqiri xeyli ümidləndirib. Yanlış anlamayın, vakansiyaya çıxarılan “nazir müavini” postuna iddiam yoxdur. Sadəcə ümid edirəm ki, mədəniyyətimizə hər fürsətdə ziyan verən bu adamlar layiqli cəzalarını alacaq, ziyankarlığa davam edənlər isə bir balaca qorxub-çəkinəcək, hərdən mədəniyyətimizə də xidmət etmək haqqında düşünəcəklər.
Bu günə qədər mədəyə xidmət etdikləri kifayətdir, əgər gördüklərindən nəticə çıxara bilirlərsə, mədəniyyətimizi də unutmasınlar...