Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 10 may — Sputnik. İkinci Dünya Müharibəsi – bəşər tarixinin ən böyük münaqişələrindən sayılır. Onun miqyası heç bir müharibə ilə müqayisəyə gəlmir. Məlumat üçün bildirək ki, İkinci Dünya Müharibəsində 60-a qədər ölkə iştirak edib. Bu müharibə nə qədər canlar alıb, nə qədər anaları, həyat yoldaşlarını və qızları gözüyaşlı qoyub. Müharibəni kimin başlatmasından, hansı tərəfin günahkar olmasından asılı olmayaraq, nəticədə insanlar həyatını itirib.
Sputnik Azərbaycan xəbər verir ki, müharibədə əsir götürülmüş alman əsgərləri sovet şəhəri olan Sumqayıtın tikintisinə cəlb olunublar. 311 girovdan 269-u alman əsilli, qalanları avstriyalı və macar imiş. Azərbaycan SSR-də gənclər şəhəri olan Sumayıtın salınmasında iştirak edən bu əsirlər elə əsasını qoyduqları şəhərdə dəfn olunublar.
Uzun müddət Azərbaycanda dəfn olunmuş almanların şəxsiyyəti barədə heç bir məlumat olmayıb. Sovet rejimində hərbi əsirlər haqqında informasiya dövlət sirri səviyyəsində qorunurdu.
Dəfn olunmuş hərbi əsirlərin adlarının olduğu siyahı müstəqillik dövründə Krasnoyarsk arxivindən tapılıb. Həmin siyahını əldə etmək elə də asan başa gəlməyib. Bərpa olunmuş siyahının bir nüsxəsi o vaxtkı İcra Hakimiyyəti başçısının imzası ilə Prezident Aparatına, digəri isə Almaniya hökumətinə göndərilib. Bundan sonra ərazi abadlaşdırılıb. Sözügedən qəbiristanlığa hər il noyabr ayında onları yad etmək üçün Lüdviqshafen şəhərindən rəsmi şəxslər gəlirlər.
Ümumilikdə Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının dəfn olunduğu 11 məzarlıq və 2986 məzar var. On ikincisi Bakının Keşlə qəsəbəsinin ərazisində olsa da, dəmir-beton zavodunun inşası zamanı nəşləri Yasamal qəbiristanlığına köçürülüb.
Sumqayıtdakı qəbiristanlığa Mələk Almazova baxır. Ona qədər isə məzarlıq İkinci Dünya Müharibəsi iştirakçısı olmuş atası Zabit Məcidovun nəzarətində olub.
Müharibə illərində ölkənin təsərrüfatında hərbi əsir əməyi elə də böyük əhəmiyyət kəsb etməyib, bu, daha çox müharibə başa çatandan sonra vüsət alıb. Əsirlər müharibə dövründə məhv edilmiş xalq təsərrüfatının – zavodların, bəndlərin, dəmir yollarının, limanların bərpasına cəlb olunublar. Əksər SSRİ şəhərlərində köhnə yaşayış fondunun bərpası və yeni fondun inşasında onların əməyindən istifadə edilib.
Bundan başqa, alman əsirlər ağac tədarükünə, uzaq və əlçatmaz rayonlarda avtomobil və və dəmir yollarının inşasına, faydalı qazıntıların (uran, daş kömür, dəmir mədəni) hasilatına cəlb olunublar.
Alman mənbələrinə görə, Sovet İttifaqının əsirliyində ümumilikdə təqribən 3,15 milyon Vermaxt əsgəri olub. Onlardan 1,1-1,3 milyonu əsirlikdə dünyadan köçüb.