Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 9 may — Sputnik. Böyük Vətən Müharibəsinin (1941-1945) başa çatmasından 75 il ötür. 1945-ci il mayın 8-dən 9-na keçən gecə alman generalı Vilhelm Keytelin danışıqsız təslim aktını imzalaması ilə faşizm məğlub oldu. Qələbə günü postsovet ölkələri və İkinci Dünya Müharibəsində iştirak etmiş bir sıra digər dövlətlərdə hər il təntənə ilə qeyd olunur.
Böyük Vətən Müharibəsində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçiblər. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub. Təltif olunanlar arasında yalnız hərbçi və zabitlər deyil, digər şəxslər də olub. Müharibə illərində yaralılara təcili yardım göstərən şəfqət bacısı Fatma Səttarova kimi.
Sputnik Azərbaycan Qələbənin 75 illiyi münasibəti ilə 100 yaşlı nənəyə baş çəkib, xatirələrini yenidən yada salıb. 1920-ci il təvəllüdlü Fatma Səttarova əsrin canlı əfsanəsidir:
"1940-cı ildə tibb üzrə texnikum təhsilimi tamamlamışam. Bizim hərbi kafedramız olduğundan təhsilimizi tamamladıqdan sonra bizə leytenant rütbəsi və hərbi pasport verildi. Bir müddət sonra, 1941-ci il iyunun 22-də isə müharibə başladı. Bir zabit kimi mən və digər 26 şəfqət bacısı hərbi komissarlığa çağırıldıq. Beləcə, Azərbaycan oğulları ilə bərabər biz də müharibəyə yollandıq".
Moskvaətrafı döyüşlərdə xeyli sayda yaralıya qulluq edən Fatma xanım mühasirədə qalmasından da danışır: "O zamanlar əsas döyüşlərdən biri də Moskva ətrafında gedirdi. 1941-ci ilin dekabrı idi, İvan Panfilovun başçılıq etdiyi ordu bölüyü böyük şövqlə vuruşurdu. Onlar almanların Moskva ətrafından geri çəkilməsinə nail oldular. Sonradan ordu ilə birgə Leninqradda blokadaya düşdüm. Orada 4 ay yarım Leninqrad camaatına və yaralılara yardım etdim. 4 ay yarımdan sonra sovet ordusu Leninqradı mühasirədən azad etdi və bundan sonra Stalinqrad ətrafında gedən döyüşlərdə oldum".
Bu illər kimisinin uşaqlıq, kimisinin gənclik illərini əlindən alıb. Həmsöhbətimiz Fatma xanım müharibəyə yollananda 21 yaşı olub. Müharibə və müharibənin özündən sonra yaşatdığı çətinliklər onun gəncliyini heç edib. Müharibə illərində isə həmsöhbətimiz digər şəfqət bacıları kimi gecə-gündüz bilmədən işləyib, hətta o dövrdə səhərlərini də güllə, bomba səsi ilə açmağa vərdiş etdiyini söyləyir. 75 il öncəki xatirələrini vərəqləyən Fatma nənə deyir ki, Stalinqrad döyüşündən sonra onlar şəhərləri ala-ala Berlinə çatıblar. O, Berlində olduğu müddətdə orada xəstəxanaların birində şəfqət bacısı kimi çalışıb: "Almanların işğal etdikləri şəhərlərin geri qaytarılması üçün qızğın döyüşlər gedirdi. Berlini azad edəndən sonra orduda xidmət edən yaralı əsgərlərimizlə birgə bir qatarda Bakıya gəldim. Yaralı əsgərlərə nəzarət üçün o zaman hər vaqona bir şəfqət bacısı ayrılmışdı. Beləcə, bir də xəbər tutduq ki, artıq müharibə bitib".
Fatma nənə deyir ki, müharibənin bitməsindən 75 il ötsə də, onun dəhşət və vəhşəti heç zaman xatirələrindən silinməyəcək: "Bu müharibə idi, ilk dəfə idi ki, müharibənin nə olduğunu başa düşürdüm. Həm də gənc yaşımda... Başımın üzərindən bombalar atılır, hər tərəfdən atəş açılır, insanlar gözümün önündəcə can verir, yaralı əsgərlər zarıyaraq yerə yıxılırdılar. Yaralı görüb heç bir fərq qoymurduq: almana, rusa, qeyri-millətdən olana da kömək edirdim. Bir alman yaralı var idi, yodla yarasını sağaltdım. Vaxt da yox idi ki, bir yaralı ilə uzun müddət məşğul olum. Ordu gedəndə biz də onunla gedirdik, yaralılar isə elə olduqları yerdə qalırdılar".
Atılan güllələr ondan da yan keçməyib. Müharibə sanki hər dəfə öz dəhşətlərini xatırlatmaq üçün onun bədənində izlər buraxıb. Təsadüfən həmsöhbətimizə yerindən qalxmaqda kömək edərkən bir qolunun zədəli olduğunu hiss etdik: "İş başında ikən neçə dəfə güllə yarası almışam, bir qolum da o müharibədə zədələnib".
"Elə olurdu ki, tankın altında gizlənirdik. Çox dəhşətli idi, güllələr başımızn üstündən o yan- bu yana uçurdu. Hər tərəfdən atəş, bomba səsi, insanların çığırtısı eşidilirdi. Müharibədir də, necə olmalı idi ki?! Ağır döyüşlərimiz çox oldu", - deyə həmsöhbətimiz əlavə edib.
Ara-sıra əsgərlərin görüşünə gedən Fatma nənə artıq bir dəfə müharibənin nə olduğunu bildiyi üçün gözündə müharibə qorxusunun qalmadığını deyir: "Lazım olsa, bu yaşımda da torpaq uğrunda canımdan keçərəm.
Deyirlər ki, qocalar canının qədrini bilir, amma mən yox. Mən yaşadığımı yaşamışam, müharibə də görmüşəm, daha nədən qorxum ki?! Heç qorxmurdum, Vətənim ağır vəziyyətdə ola-ola nədən qorxmalıydım ki?! Lazım olsa, indi də Vətən uğrunda canımdan keçərəm.
Budur bütün yadımda qalan əhvalat, mənim nəticəm, - deyərək bundan başqa nəyisə xatırlaya bilməyən 100 yaşlı nənə müharibədə göstərdiyi şücaətə görə bu gün də diqqətdən kənarda qalmadığını söyləyir. - Hər il olduğu kimi, bu dəfə də bir neçə ay öncə Rusiyaya dəvət olundum, yenidən mükafatlandırıldım. Rusiya Prezidenti Vladimir Putinlə də dəfələrlə görüşmüşəm. Qələbənin 70 illiyində də məni çağırmışdılar, getmişdim. Medallarım çoxdur. Yaxın günlərdə mənə bir orden də təqdim olunacaq".
Müharibədən qayıtdıqdan sonra ailə həyatı quran Fatma nənə həyat yoldaşını tez itirib. Dörd övlad böyüdərək boya-başa çatdıran, onlara ali təhsil verən, 15 nəvəsi, 25 nəticəsi olan nənə həyatından, yaşına görə səhhətindən gileyli olmadığını söyləyir. O, ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ona diqqət və qayğısından danışaraq deyir ki, hazırda yaşadığı ev də ona ölkə başçısı tərəfindən hədiyyə edilib.