CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhədən məktub: Burada qan su yerinə axır, atlarımızı da güllələdilər...

Abunə olmaq
Bayram Avdıyev məktubunda anasına yazırdı: "Burada çox aclıq çəkirik, başqaları ot, pencər, çiçək yeyirlər, mən isə onları yeyə bilmirəm, kaş orada olaydım, sənin çörəyindən yeyərdim".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. 1908-ci ildə Qaryagin qəzasında (indiki Füzuli rayonunun Gorazıllı kəndində) dünyaya göz açmışdı. Onda bəlkə də doğulduğu kənddə heç Almaniyanın adını eşitməmişdilər, Krımın yerini bilmirdilər. Kimin ağlına gələrdi ki, günlərin bir günü bu balaca oğlan - Avdıyev Bayram Qulu oğlu alman faşistləri ilə müharibədə, özü də Krımda həlak olacaq.

Nəvəsi Məhliqa Balıyeva Sputnik Azərbaycan-a babası, onun müharibə tarixçəsi və ölümündən sonra doğmalarının taleyi barədə danışıb:

"Babam nəfsi təmiz adam olduğuna görə kənd camaatının təkidi ilə kolxozun anbardarı olub. Anbardar təyin ediləndə özünə ev tikirmiş. Evin divarları tikilib, qalıb üstünü yapdırmaq. Kənd camaatını başına yığıb, deyib: "Ay camaat, baxın, mən evimin damını qurdurmalıyam. İndi məni anbardar edirsiz. Evin damını quranda birdən deyərsiz ki, anbarda olan məhsulu satıb, bu işi görüb. İndidən deyim, bilin. Anamın 60 hinduşkası var. Onları satıb evimin damını qurduracam. Sonra başqa söhbət eşitməyim".

 

© Sputnik / Nigar IskanderovaMəhliqa Balıyeva
Cəbhədən məktub: Burada qan su yerinə axır, atlarımızı da güllələdilər... - Sputnik Azərbaycan
Məhliqa Balıyeva

Məhliqa xanımın sözlərinə görə, anası (Bayram kişinin qızı Əsli) danışırmış ki, kəndə boz atın üstündə hərbi komissar gəlib adamları müharibəyə aparırdı. Hər dəfə komissar gələndə kəndə vəlvələ düşürdü ki, görəsən, bu dəfə kimi aparacaq. 1942-ci ilin yazında (apreldə) kəndə gələn komissar bu dəfə anbardar Bayramı aparmalı olur.

34 yaşında müharibəyə yollanan Bayram arxada üç övladını – 8 yaşlı qızı Əslini, 3 yaşlı oğlu Arifi və 9 aylıq körpəsi Xasayı, anası Gövhəri və həyat yoldaşı Sonanı qoyub gedir.

İlk məktubu Krım cəbhəsindən gəlir. Bayram məktubda anasına yazırdı ki, "burada qan su yerinə axır, atlarımızı da güllələyiblər, piyada qalmışıq". Onun ikinci və sonuncu məktubu da 1942-ci ildə gəlir. Qızı Əsli (Məhliqa xanımın anası - red.) o məktubdan bəhs edərkən deyirmiş: "Atamdan məktub gələndə evdə onu oxuyacaq savadlı adam yox idi. Nənəm məni Cəfər müəllimin dalınca göndərdi ki, gəlib məktubu oxusun. Cəfər müəllim (sonra o da müharibəyə gedib və Leninqrad döyüşləri zamanı həlak olub) gəlib məktubu oxuyanda nənəm sacda çörək bişirirdi. Atam yazmışdı ki, "burada çox aclıq çəkirik, başqaları ot, pencər, çiçək yeyirlər, mən isə onları yeyə bilmirəm, kaş orada olaydım, sənin çörəyindən yeyərdim". Nənəm bunu eşitcək ağladı, sacdakı çörəkləri, ləyəndəki xəmiri hirslə didib yerə tökdü ki, uşağım müharibədə acından ölür, mən də burada çörək bişirirəm. O gündən nənəm elə hey oğlunun dərdini çəkir, ağzına bir loxma belə qoymurdu. Bu hadisədən sonra nənəm çox yaşamadı, oğlunun dərdindən öldü".

Günlərin bir günü Bayramın qara kağızı gəlib və o vaxtdan da ailəsinin ağır günləri başlayıb.

© Sputnik / Nigar IskanderovaMəhliqa Balıyeva
Cəbhədən məktub: Burada qan su yerinə axır, atlarımızı da güllələdilər... - Sputnik Azərbaycan
Məhliqa Balıyeva

Bayramın həyat yoldaşı Sona 3 uşağını təkbaşına böyüdə bilmək üçün tarlada işləmək məcburiyyətində qalır. Kənd camaatı onun da taxılını biçsin deyə taxıl zəmilərinə su daşıyıb orada işləyənlərə paylayır. O, tarlaya gedəndə evdəki azyaşlı uşaqlara baxmaq, ev təsərrüfatını idarə etmək üçün dördüncü sinif şagirdi olan qızı Əslini məktəbdən çıxarmaq məcburiyyətində qalır. Əsli həmin hadisəni belə nağıl edərdi: "Mən məktəbdə çox yaxşı oxuyurdum. Müəllim deyirdi ki, yiyən olsa, ali məktəbə də girə bilərsən. Ancaq anam məktəbdən çıxarmaqda qərarlı idi. Nənəmin toxuduğu bir cüt corabı məktəbin direktoruna pay verərək məni məktəbdən çıxardı. O vaxtdan qardaşlarıma baxır, ev işlərini görürdüm".

Atalı günlərinin şirin xatirələrini isə Əsli ömrünün sonuna qədər unutmadı. "Evimizin arxası taxıl zəmiləri idi. Hinduşkalarımız səhər açılan kimi oraya qaçırdı. Anam, nənəm məni yuxudan oyadıb hinduşkaların dalınca göndərirdilər. Atam isə deyirdi ki, uşaq yazıqdır, onu niyə yuxudan erkən oyadırsız, qoyun yatsın, gedin, özünüz gətirin. Atam hinduşkaları otarmağa apardığım üçün mənə bazardan çox xoşladığım yerfındığı alırdı. Səhərlər torbama yerfındığı töküb hinduşka otarmağa göndərirdilər", - deyə o günlərin həsrətini çəkirdi.

Məhliqa xanımın sözlərinə görə, Əsli yaşlı vaxtlarında Rusiyaya, orada yaşayan oğlunun (2003-cü ildə Rusiyada avtomobil qəzası nəticəsində ölüb - M.B.) yanına gedibmiş. Gözü hər yeri axtarırmış ki, bəlkə, atası sağdır, buralarda bir yerdədir: "Deyirdik ki, Əsli (anamı adı ilə çağırırdıq - M.B.), lap buralarda sağ qalmış olsun, indi görsən, onu tanıyarsan? Deyirdi ki, min adamın içindən seçərəm, surəti gözümün önündən getməyib. Atasının xiffətini ölən günə (2016-cı ilin noyabrı) qədər çəkdi..."

© Sputnik / Nigar IskanderovaMəhliqa Balıyeva
Cəbhədən məktub: Burada qan su yerinə axır, atlarımızı da güllələdilər... - Sputnik Azərbaycan
Məhliqa Balıyeva

Bayramın yeganə sağ qalan övladı Xasay isə atasını heç xatırlamır. Çünki o, müharibəyə gedəndə cəmi 9 aylıq idi.

Xəbər lenti
0