BAKI, 8 may — Sputnik. Ötən gün İsmayıllı rayonunda 1972-ci il təvəllüdlü Ağasəf Soltanov güllələnərək öldürülüb.
Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, onun meyiti İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Hadisə ilə bağlı dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirxan Əzimovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə səbəbindən qisas almaq məqsədilə mayın 7-də saat 9 radələrində rayonun Müşgəmir kəndi ərazisində ov tüfəngi ilə A.Soltanova 3 dəfə atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ş.Əzimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.