BAKI, 7 may — Sputnik. Pakistan vətəndaşı bacı və qardaşını şərbətinə çox şəkər əlavə etdiyinə görə öldürüb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Pakistan sakinləri Ramazan iftarına hazırlaşarkən milli içki olan şərbət hazırlayıblar. Ancaq şərbətin dadı ailə üzvlərindən biri Məhəmməd İşaqın xoşuna gəlməyib. O şərbəti hazırlayan qardaşı Hüseyn və bacısı Mismatı şərbəti xarab etməkdə günahlandırıb.
Mübahisə İşaqın bacı və qardaşını güllələməsi ilə nəticələnib. Sonra o cinayət yerindən qaçıb. Mismat və Hüseyn xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Şübhəlinin atası polislə söhbət zamanı bildirib ki, baş verən hadisə bədbəxt hadisədir və "Allahın izni" ilə baş verib. Onun sözlərinə görə, oğlunun azyaşlı uşaqları var.
Ancaq hüquq mühafizə orqanları əməkdaşları qeyd edib ki, valideynlər çox zaman uşaqlarının cinayətlərinə haqq qazandırır. İşaq axtarışa verilib.