Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sus... Səs salma, yatanlar ayılar!..

CC0 / fernandozhiminaicela / musicМузыкальные колонки, фото из архива
Музыкальные колонки, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
"Yüksək səs uzun müddət müşahidə olunduqda insanın mərkəzi sinir, eşitmə sistemində, o cümlədən digər xəstəliklərdə də qıcıqlanmalar yaradır. Belə bir halın davamlı olaraq müşahidə olunması isə xroniki xəstəliklərə səbəb olur" - Kənan Cəfərov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Rusiyada xüsusi saatlarda mənzillərdə səssizlik təmin olunacaq, yəni günün müəyyən saatları "sükut saatı" elan ediləcək. Bununla bağlı qanun layihəsi hazırlanıb. Təklif olunur ki, 13:00-15:00, 19:00-09:00 arası mənzillərin təmiri, yüksək səs-küy qadağan edilsin. Bundan başqa, təmir işləri şənbə-bazar, o cümlədən bayram günlərində də yasaqlanır.

Hələ bir neçə ay öncə İnzibati Xətalar Məcəlləsinə bu xüsusda düzəlişlər təklif edilib. Bundan başqa, dəyişikliklərə görə, Rusiyada gecə hürən itə görə sahibi cərimələnəcək. 

Дрель, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Karantində olmaz! - Moskvalılara maraqlı yasaq gəlir
Ədliyyə Nazirliyi artıq dəyişikliklərin ictimai müzakirəsini yekunlaşdırıb. Yeni qaydalar saat 23.00-dan sonra iti hürən şəxslərə şamil ediləcək. Maşını tez-tez siqnalizasiyaya qoşulanları da cərimə gözləyir. Qadağalar səhər saat 07.00-dək qüvvədə olacaq. Bu müddətdə təmir işlərinin aparılması, musiqi alətində ifa, eləcə də hündürdən musiqi dinləmək cəriməylə cəzalandırılacaq. Qeyd edək ki, bunadək Rusiyada yalnız regional olaraq mənzillərdə sükut təmin olunurdu.

Hazırkı pandemiya, insanların daha həssas bir dönəmində mənzillərdə səssizliyin təmin  olunması xüsusilə mühümdür. Bənzər qanun hələ koronavirusun ortaya çıxması və pandemiya dövründən öncə ABŞ-da da hazırlanıb. Bir çox ölkələr mənzillərlə yanaşı, küçələrdə, ictimai nəqliyyatda sakitliyi təmin etmək istiqamətində müəyyən addımlar atıb, qanun layihələri hazırlayıblar. Bəzi ölkələrdə bayram günlərində yarana biləcək səs-küyün qarşısının alınması üçün yalnız səssiz fişənglərin atılmasına icazə verilib. Artıq Avropanın bir çox şəhərlərində səssiz fişənglərin atılması ilə bağlı qanun layihəsi də qəbul olunub. İtaliyanın bəzi şəhərləri üçün belə qanun 2005-ci ildə qüvvəyə minib. Bu cür addımların atılmasında məqsəd həm heyvanlarda səsə qarşı olan şiddətin, həm də körpələrdə yarana biləcək travmaların qarşısını almaqdır.

Bundan başqa, müxtəlif ölkələrdə pandemiyadan öncə yollarda nəqliyyat vasitələrinin səssizliyini təmin etmək məqsədilə qanun layihələri də hazırlanıb. Onlara görə, 1 iyul 2019-cu il tarixindən etibarən istehsalçılar yeni nəsil elektriklə işləyən maşınlar (hibrid) üçün akustik səs sistemlərini uyğunlaşdırmalıdırlar. Buna görə istehsalçılara 2021-ci ilin 1 iyulunadək möhlət qoyulub. Bununla həmçinin yaşıl, yəni iqtisadi və ekoloji cəhətdən daha zərərsiz nəqliyyatın fəaliyyəti təmin olunacaq.

Pandemiya dövründə isə mənzərə bir qədər dəyişib. Hər şey sanki Amerikanın "eksperimental bəstəkar"ı adlandırılan Con Keycin 1952-ci ildə ərsəyə gətirdiyi "4:33" (Dörd dəqiqə 33 saniyə) adlanan əsərindəki kimidir:

Bir zamanlar musiqi ilə dolub-daşan, avtomobil səslərinin hakim kəsildiyi şəhərin küçə və yolları nisbi səssizliyə qərq olub. Amma bu, mənzillər, qəsəbələr, məhəllələrdə də sükutun qulaq batırması demək deyil. Bakıda bu müddətdə mənzilərdə səs-küy səviyyəsi daha da artıb. İnsanlar iş vaxtı edə bilmədikləri, yarımçıq qalan təmir işlərini görür, kimisi mahnı oxuyur, kimisi çığırır ki, bu da nəticə etibarı ilə səssizliyi sevən insanlarda müəyyən gərginliyə, hətta psixoloji problemlərə də səbəb olur.

Səs-küyün insan səhhətinə təsiri haqda nevropatoloq Kənan Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında danışıb: "Sağlamlıq, xüsusən də əsəb sisteminin qorunması üçün günün müəyyən vaxtlarında səssizliyin təmin olunması vacibdir. Xüsusən də gərgin işdən sonra insanların səssizliyə, rahatlığa ehtiyacı olur. Bu səbəbdən Rusiyada belə bir qanunun qəbul edilməsi alqışa layiqdir. Çünki evlərdə səs-küyə həssas olan, təzyiqli, xəstəsi, körpəsi olanlar da var. Bu həssas təbəqələr nəzərə alınmalıdır".

Həm etika, həm də sağlamlıq, insanların rahatlığının təmin olunması baxımından belə bir addımı təqdir edən ekspert deyib ki, səs-küy xüsusən də nevroloji xəstəliklərdən əziyyət çəkənlər üçün təhlükəlidir: "Yüksək səs uzun müddət müşahidə olunduqda insanın mərkəzi sinir, eşitmə sistemində, o cümlədən digər xəstəliklərdə də qıcıqlanmalar yaradır. Belə bir halın davamlı olaraq müşahidə olunması isə xroniki xəstəliklərə səbəb olur".

"Səssizliyin təmin olunması uşaqlar üçün də önəmlidir. Çünki uşaqlar yuxuda böyüyürlər. Səs-küy onların yuxu-sinir sisteminin pozulmasına səbəb ola bilər ki, bu da gələcəkdə özünün mənfi fəsadlarını göstərə bilər. Çünki körpələrin sutkanın 18 saatını yuxuda keçirmələri vacibdir", - deyə o əlavə edib.

Vəkil Rövşən Rəşidov məsələnin hüquqi aspektindən danışıb: "Ölkə başçısının 8 iyul 2008-ci il tarixli 796 saylı sərəncamı ilə təsdiq olunmuş normalar var. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na uyğun olaraq ictimai həyatda səs-küy desibellərlə ölçülür. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları "Ekoloji təhlükəsizlik haqqında" Qanuna, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanıb.

Karantin günləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlılara "hələ 1 il də gözləyin" mesajı

"Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. Qeyd edim ki, daimi səs-küyün normalaşdırılan parametrləri orta həndəsi tezlikli 63, 125, 250, 500, 1000, 2000, 4000, 8000 Hs oktava zolaqlarında (səs təzyiqinin oktava səviyyələri), desibellərlə (dB) səs təzyiqinin qiymətləridir. Qeyd edim ki, bütün bunlara əsasən, 14:00-dan 16:00-dək səs-küy 16 dB olmalıdır. Mənzildə sakit danışıq isə 50 dB olmalıdır. Sərbəst hərəkətdə olan maşının mühərrikindən çıxan səs 50-60 dB, saatda 50 kilometr gedən qatarda 100 dB, binaların altında olan diskotekalarda bu şkala 85-103 dB civarında, yaşayış yerlərinə yaxın yerlərdə qalxan təyyarənin səsi isə 110 dB olmalıdır", - deyə o əlavə edib.

Müqayisə üçün: ağaclarda yarpaqların sakit xışıltısı 10 dB-ə bərabərdir.

Vəkil Mehriban Məmmədova isə cərimələrdən danışıb. Vəkil İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən deyir ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 00:00-dən 7:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirlər.

Gəncədə vəziyyət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı, amma yeni icazələr var

Qeyd edək ki, karantin müddətində mənzillərdə səs-küy ritminin artmasına baxmayaraq bu gün bir çox ölkələr şəhəriçi səs-küyün azaldığını elan edirlər. Belə ki, belçikalı seysmoloq apardığı monitorinqin nəticəsi olaraq elan edib ki, daha çox insanların aktiv həyat tərzi keçirdiyi Brüsseldə karantindən öncəki müddətlə müqayisədə şəhər səs-küyü 33 faiz azalıb. O, eyni mənzərənin Paris, London kimi meqapolislərdə də müşahidə olunduğunu bildirib.

Bir neçə ay öncə yalnız şəhərin səs-küyü kainata hakim kəsilmişdisə, indi də səssizliyin həzin ritmi, melodiyası hökm sürür. Bu səssizlik dünyanı izləmək, düşünmək üçün bizə bir fürsət verir, bəlkə, bir az sakitləşək?

Xəbər lenti
0