BAKI, 23 mart — Sputnik. Moskvada karantin səbəbindən səs-küylü təmirlərin dayandırılması təklif edilib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Dövlət Dumasının mənzil siyasəti üzrə komitəsinin sədri Qalina Xovanskaya deyib.
O, belə bir müraciətlə Moskva meri Sergey Sobyaninə müraciət edəcək. Səbəb isə koronavirus səbəbindən 65 yaşdan yuxarı moskvalıların, eləcə də xroniki xəstəlikləri olanların özünütəcridə riayət etməsi qərarıdır.
Səs-küylü təmirləri martın 26-dan aprelin 14-dək, yəni karantin bitənədək qadağan etmək istəyirlər. "Bunu bütün sutka ərzində tətbiq etmək lazımdır ki, insanlar evdə istirahət edə və işləyə bilsinlər", - Xovanskaya deyib. O, həmçinin sakitlik rejiminin pozulması üçün cərimə tətbiq edilməsini təklif edib.
Bundan öncə Dövlət Dumasına yaşayış evlərində gecələr səs-küyə görə cəzaların sərtləşdirilməsi barədə qanun layihəsi çıxarılıb. O, federal səviyyədə qəbul ediləcək. Gecə 23:00-dan səhər 07:00-dək səs salmaq qadağan olunacaq. Qadağanı pozanların cəzası isə 150 min rubla çata bilər.