BAKI, 27 aprel — Sputnik. "Biz hazırda prosesin vacib mərhələsindəyik. Çünki bu gündən məhdudiyyətlərin yumşalmasını yaşayırıq. Məhdudiyyətlərin aradan götürülməsi və digər sektorların açılması sürəti, yenidən məhdudiyyətlərin tətbiqi ehtimalının sıfıra endirilməsi üçün hər bir vətəndaş öz davranışını ortaya qoymalıdır”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Nazirlər Kabinetin yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov söyləyib. O, bildirib ki, tədrisin dayandırılmasından sonra həyata keçiriləcək tədbirlər barədə hədəflər müəyyənləşir: “Qeyd edim ki, martın 11-dən etibarən ilkin olaraq Mədəniyyət kanalında “teledərslər” layihəsinə start verdik. Aprelin 29-da “Teledərslər”in mininci buraxılışı efirə veriləcək. 1 milyon 600 min şagirdimiz var. Azərbaycan regionda bu cür layihə tətbiq edən ilk dövlətlərdəndir. “Virtual məktəb” layihəsindən 650 min nəfər qeydiyyatdan keçib. Onlardan 600 mini şagirdlər, 50 mini müəllimlərdir".
Nazir bildirib ki, koronavirus aşkarlanandan dərhal sonra növbəti iş günündən martın 2-dən Azərbaycanın bütün ərazisində tədrisin dayandırılması barədə qərar verilib: "Bu qərar qəbul olunan zaman 12 ölkədə oxşar məhdudiyyət tətbiq edilirdi. Daha sonra isə 191 ölkə oxşar tədbirləri həyata keçirməyə başladı. Bu isə Azərbaycanın proseslərə nə qədər çevik yanaşdığının təsdiqidir. Eyni zamanda, dövlət tərəfindən qəbul edilmiş qərarlarla yanaşı, bu tipli problemin qısa müddətdə nəzarətə götürülməsi, insanların sağlamlığına vura biləcəyi təsirlərin qarşısının alınması, verilmiş qərarlar, dövlət orqanlarının çevik reaksiyası, vətəndaş-dövlət həmrəyliyi hesabına baş tutdu".