Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 aprel — Sputnik. Sabahdan etibarən karantin rejimi nisbətən yüngülləşdiriləcək.
O, bildirib ki, hazırda bununla bağlı iki əsas prinsip məlumdur: “Mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. Karantindən çıxış isə mərhələli şəkildə həyata keçiriləcək. Biz artıq mayın 4-də mart ayındakı situasiyaya qayıtmayacağıq. Bu gözlənilmir. Bu barədə artıq fikir ayrılığı yoxdur və qərar qəbul olunub. Hansı mərhələlərin daha tez yumşalmağa başlanılması və ardıcıllığı müzakirə olunur. Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq və bu, qarşıdan gələn günlərdə ictimaiyyətə elan ediləcək”, - deyə İ.Məmmədov bildirib.
Sputnik Azərbaycan karantindən mərhələli çıxışın hansı formada həyata keçirilməli olduğunu araşdırıb.
Səhiyyə nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantindən birdən-birə çıxmaq olmaz: “Karantindən çıxış dövrü mərhələli şəkildə olmalıdır. İlk növbədə vacib sektorlarda işlərin bərpasına icazə verilməlidir. Birdən birə kafe-restoranların, iri ticarət mərkəzlərinin fəaliyyətini bərpa etmək olmaz!”
C. İsayev deyir ki, hətta tədrisin bərpa edilməsi də tezdir: “Mayın 4-dən etibarən tədrisin bərpa olunmasını düzgün saymıram. Tədris bərpa olunsa, yoluxma halları artacaq. Çünki əsasən sıx ünsiyyət təhsil müəssisələrindədir. Düşünürəm ki, karantin bitən kimi tədris bərpa edilməməlidir”.
Baş infeksionist hesab edir ki, idman zallarının, restoranların, şadlıq evlərinin fəaliyyətinə ən son mərhələdə icazə verilməlidir: “Düzdür, şadlıq evlərinin çoxu artıq mayın sonuna toy danışıqları aparıb. Amma yenə də şəraitə baxıb qərar vermək lazımdır. Mənim fikrimcə, ən sonuncu mərhələdə bu iaşə obyektlərinin fəaliyyətinə icazə vermək olar”.
C. İsayev bildirir ki, karantin rejimi birdən-birə götürülərsə bu ictimai nəqliyyatda sıxlığı artıracaq: “İndidən ictimai nəqliyyatda sıxlıq var. Əgər mərhələli şəkildə iş yerləri açılmasa nəqliyyatda sıxlıq olacağı qaçılmazdır. Bu isə COVID-19 xəstəliyinə yoluxma hallarını artıra bilər. Heç şübhəsiz ki, karantindən çıxışdan sonra ictimai nəqliyyatdan istifadə artacaq”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda karantindən çıxma Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tənzimlənəcək: “Biz indidən bir fikir bildirə bilmərik. Operativ Qərargah necə qərar versə, biz də həmin qərara uyğun ictimai nəqliyyatın hərəkətini tənzimləyəcəyik”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, karantindən çıxma zamanı mərhələlərə uyğun olaraq ictimai nəqliyyatın fəaliyyətini bərpa etmək lazımdır: “Elə tənzimlənməlidir ki, avtobusda oturacaq sayından artıq sərnişin olmasın. Metronun da fəaliyyəti karantin bitəndən sonra bərpa edilməlidir ki, avtobuslarda sıxlıq olmasın. Amma metroda havalandırma sistemini təkmilləşdirməlidirlər. Bir də düşünürəm ki, metrolarda polis nəzarəti olmalıdır. Daxili qoşun əsgərləri də metroda nəzarət etməlidir”.
E. Muradlı həmçinin bildirir ki, avtobus dayanacaqları, avtobuslarda dezinfeksiya tədbirləri davam etdirilməlidir: “Təcrübə göstərdi ki, biz ticarət mərkəzlərinə getmədən də yaşaya bilərik. İnsanlar mümkün qədər kütləvi yerlərdən uzaq olmalıdır. İdman yerləri, restoranların fəaliyyəti ertələnməlidir. Məktəblərdə dərs saatlarını fərqli vaxtlarda etmək lazımdır ki, ictimai nəqliyyatda sıxlıq yaranmasın. Həmçinin iş saatlarına da dəyişiklik etmək lazımdır. Düşünürəm ki, karantin bitəndən bir ay sonra da müəyyən şərtlərə əməl etməliyik ki, yoluxma artmasın”.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı da mətbuata açıqlamasında bildirib ki, heç kəs növbəti bir il ərzində həyatının normala dönəcəyini gözləməməlidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə bildirib ki, koronavirus bir il insanların həyatından çıxmayacaq. TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın fikrincə isə karantin rejimindən mərhələli şəkildə çıxmaq istəyiriksə, uzun müddət sosial məsafəyə, karantin qaydalarına əməl etməliyik. Əks halda bu ciddi problemlər yarada bilər.