BAKI, 24 aprel — Sputnik. 2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli, 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılıb. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib.
Beləliklə, ölkə üzrə 2020-ci il 27 aprel saat 00:00-dan etibarən:
1) “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.
2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:
● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
● kitab satışı
● qəzet satışı
● dəftərxana mallarının satışı
● çap və surətçıxarma fəaliyyəti
● fotoatelye/fotostudiyalar
● fərdi mənzillərdə təmizlik xidmətləri
● dərzi xidmətləri
● kosmetika və ətriyyat satışı
● geyim satışı
● ayaqqabı və dəri məmulatlarının satışı
● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
● mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri
● kompüter avadanlıqlarının satışı və təmiri
● elektronika və məişət texnikasının satışı
● mebel satışı
● avtomobil satışı
● kimyəvi məhsulların satışı
● gül və bitki məhsullarının satışı
● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
● gübrə və aqrokimyəvi məhsulların satışı
Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.
Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. Qeyd olunan qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.
Bununla yanaşı, 27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır. Qeyd edilən tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaqdır:
● 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
● 2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);
● 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün
Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.
COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.
COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir.