Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 24 aprel — Sputnik. "Azərbaycanda gündəlik oaraq virusa yoluxanların sayında bir müddət öncəyədək artım vardı. Rəqəmlərin gün ərzində 100-dən artıq olduğu da qeydə alındı. Artıq rəqəmlərdə azalma olduğundan Azərbaycan hələlik ki, pik həddi addımlayıb. Artıq aprelin 9-dan etibarən rəqəmlərdə azalmalar müşahidə olunur. Lakin bundan sonra rəqəmlər necə olacaq, bunu görəcəyik".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün Bakı ofisinin rəhbəri Hande Harmançı bu gün jurnalistlər üçün təşkil olunan virtual konfransda deyib.
O həmçinin bu virusun aşkarlanması üçün ölkədə olan laboratoriyalardan da danışıb:
"Azərbaycanda Bakıdan əlavə, regionlarda da laboratoriyalar fəaliyyət göstərir. Hazırda Azərbaycanda ən azı 18 laboratoriyada analizlər aparmaq mümkündür. Testlərin nəticəsi 3-6 saat ərzində açıqlanır".
ÜST-ün mütəxəssisi Cəvahir Süleymanova isə deyib ki, səyyar şəkildə götürülən analizlər insanları təhlükədən, riskdən qoruyur: "Hər bir region üçün bir laboratoriya ayrılıb. Laboratoriyalar arasında tam avtomatik, qismən avtomatik olanlar da var. Laboratoriyaların sayı artdıqca, nümunələr daha çox götürülür. Lakin gələcəkdə 45 dəqiqə ərzində də Azərbaycanda bu testlərə cavab ala biləcəyik".