Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 23 aprel — Sputnik. Koronavirus pandemiyasına görə dezinfeksiya işləri aparan işçilərə gündə bir dəfə süd yaxud da ayran verilir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov bildirib.
O deyib ki, virusla mübarizədə dezinfeksiya işləri aparanların sağlamlıqları xüsusi diqqətdə saxlanılır: "Dezinfeksiya işçiləri hər gün kimyəvi məhlullarla təmasdadırlar. Düzdür, dezinfeksiyada istifadə edilən bu dərmanlar təhlükəsiz dərmanlardır. Amma biz dezinfeksiya aparan işçilərin poliklinikada sağlamlıqlarını mütəmadi yoxlayırıq. İndiyədək heç birinin səhhətində problem, zəhərlənmə qeydə alınmayıb. Hazırda dezinfeksiya işçiləri sıx qrafikdə çalışırlar. Onların səhhətlərində problem yaranmaması üçün gündə bir dəfə onlara süd verilir".
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildiriblər ki, dezinfeksiya işçilərinin sağlamlığı üçün onlara gündə bir dəfə süd və yaxud ayran verilməsinə İcra Hakimiyyətinin başçısı Eldar Əzizov xüsusi tapşırıq verib.