Elşən Rəhimov və onun sexində çalışan ustalar insanların içindən keçə biləcəyi dezinfeksiya keçidləri hazırlamağı təklif edirlər. O ümid edir ki, bu qurğu koronavirusun daha da yayılmasının qarşısını ala və insanlar üçün gigiyena tədbirlərinin önəmini xatırlatmaq üçün əla vasitə ola bilər.
“Hər şey sifarişdən asılıdır. Biz bu cür keçidləri 5-10 gün ərzində hazırlaya bilərik. Əsas məqam onların insanlar üçün xeyirli olmasıdır. Hal-hazırda biz texniki qutuya doldurulan dezinfeksiyaedici vasitəni düzgün nisbətdə hazırlaya biləcək şirkət axtarırıq”, - deyə qurğunun yaradıcısı bizimlə bölüşüb.
Rəhimovun sözlərinə görə, bu cür vasitənin allergik reaksiya yaratmayacağından əmin olmaq olduqca vacibdir. Xlor düzgün və lazımi nisbətdə istifadə edilsə, olduqca təhlükəsizdir. Bundan başqa, keçid üçün istifadə edilən bütün materiallar yerli istehsal edilib və heç bir xaricdən gətirilən detaldan istifadə olunmayıb.
Bu cür keçidlərin alış-veriş mərkəzləri, bank, market və dövlət müəssisələrində istifadə edilməsi məqsədəuyğundur.