İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 23 aprel — Sputnik. Ötən ilin sonlarında Çinin Uhan əyalətində meydana gələn koronavirus xəstəliyi Azərbaycanda problemlərə səbəb oldu. Xəstəlik özü gəlib çıxmamış ölkədə maska və dezinfeksiya edici maddə hesab edilən spirt çatışmazlığı özünü göstərdi. Bütün apteklərdə 10 qəpiklik maskanın qiyməti az qala 1 manata, hər zaman 100 ml 50 qəpik olan spirtin qiyməti 1 manat 50 qəpiyə qədər yüksəldi.
Belə bir dövrdə işbazların fəaliyyətə başlaması gözlənilən idi. Əhali arasında tibbi spirtə tələbat kəskin artdığını görən işbazlar naməlum şəraitdə bu məhsulun saxta və insan orqanizmi üçün olduqca mənfi təsir göstərən nümunələrini hazırlayaraq, satışa çıxarıblar.
Düzdür, onların başqalarının canı hesabına varlanmaq cəhdinin qarşısı dərhal alındı. Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq üzərinə "Tibbi spirt 95%" sözləri yazılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdıran sex aşkar ediblər. Araşdırma zamanı o da müəyyən edildi ki, sağlamlıq üçün təhlükəli olan spirt apteklərə satılıb. Laborator analizlər nəticəsində qablaşdırılmış antiseptik məhlulun sənayedə istifadə olunan, zəhərli metil və izopropil spirti olduğu təsdiq edilib. Qanunsuz fəaliyyət göstərən sexin istehsal etdiyi məhsulları apteklərin necə qəbul etdiyi sual altındadır.
Sputnik Azərbaycan bu məsələni araşdırıb.
Tibb məsələləri üzrə ekspert Vüsal Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə bir hadisənin xüsusi karantin rejimində baş verməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çünki insanlar özlərini qorumaq üçün maska və tibbi spirtdən müntəzəm istifadə edir: "Birdən-birə saxta spirt satılmasını, həm də insan sağlamlığı üçün zərərli olan məhlulun apteklərdə satışa buraxıldığını eşidən hər kəs narahat olmağa başladı. Əlbəttə, burada qanun pozuntusu təkcə spirtin hazırlanması və satışa təqdim edilməsi ilə bitmir. Malı topdan və ya pərakəndə satan şəxs və malı alan şəxs qeyd-şərtsiz ciddi hesabat blanklarından və xüsusi fakturlardan istifadə etməlidir. Təbii ki, saxta iş görən adam onu heç vaxt ciddi hesabat blankı ilə etməz. Bu da o deməkdir ki, burada təkcə malı aptekə satan yox, aptek müdirləri də məsuliyyət daşımalıdırlar. Aptek rəhbərliyi malın saxta olduğunu bilmədiyini qeyd edərsə, bu zaman nə üçün saxta yolla əldə etməsi ilə bağlı izahat verməli və məsuliyyətə cəlb olunmalıdır".
Onun sözlərinə görə, saxta spirtin belə həssas bir vaxtda satılması və bunun əhaliyə məlum olması spirtin tərkibinin zərərindən çox, əhaliyə psixoloji tərəfdən ziyandır: "İndi hamı narahat və həssas həyat tərzi keçirməkdədir. Belə məqamda hər bir hal insanların psixologiyasına mütləq təsir edir. Ona görə də hər kəsi diqqətli olmağa çağırıram".
Vüsal Həsənov həmçinin bildirib ki, metil, etil, propil spirtləri su ilə qarışır. Bütün spirtlərdən yalnız etil spirti içməyə yararlı, qalan spirtlər isə zəhərlidir.
"Etanol insan bədənində sintez oluna bilən yeganə spirt növüdür. Etanoldan metanol zəhərlənmələri zamanı da istifadə edilir. Apteklərdə tibbi spirt kimi etanol satılır. Metanol isə orqanizm üçün zərərli hesab edilir", – deyən ekspert etanoldan kefləndirici içkilərin istehsalı zamanı istifadə edildiyini də bildirib.
Həkim terapevt Məlahət Abbasova bildirib ki, metil və etil spirtləri oxşardır. Bu səbəbdən də onları fərqləndirmək mümkün deyil: "Spirtdən istifadə edərkən diqqətli olmaq lazımdır. Metil spirtinin az miqdarı belə ölümcül təsir edə bilər. Bu spirt əsasən sənayedə istifadə edilir. Metil spirtinin istifadəsi zamanı ağır zəhərlənmə baş verir. Bəzi insanlar aptek spirtlərindən içmək üçün də istifadə edir. Bu ancaq dezinfeksiya edici qabiliyyətə malikdir".
Həkim vurğulayıb ki, aptekdən spirt alan zaman diqqətli olmaq lazımdır. Aptek spirtlərindən içmək üçün istifadə etmək olmaz!