Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 16 aprel — Sputnik. Koronavirus pandemiyası Azərbaycanda da maskaya tələbatı artırdı. Virus bir çox sahələrdə fəaliyyəti dayandırıb, alıcılıq qabiliyyəti və müştərilərin sayını azaltsa da, yaranmış vəziyyətdə daha çox müştəri əldə edənlər də oldu.
Fəaliyyətini günün tələbinə uyğun olaraq həyata keçirən sahibkarlardan biri də maska istehsalçıları, maska satışını həyata keçirənlərdir. Sayları da az deyil, onları rahatlıqla tapmaq mümkündür. Digər sahibkarlardan fərqli olaraq, pandemiyanın onların fəaliyyətinə heç bir mənfi təsir etmədiyini, fəaliyyətlərini davam etdirdiklərini deyirlər.
Sputnik Azərbaycan internetdə axtarış nəticəsində bir neçə maska istehsalçısı və satışını həyata keçirən şəxslərlə danışıb. Onlar alıcıları cəlb etmək məqsədilə uşaqlar üçün də maska tikir və 12 yaşadək uşaqlara görə ödəniş almırlar. Böyüklər üçün isə bir maskanın qiyməti 5 manatdır: "Bu maskalar evdə tikilir və birdəfəlik istifadə üçün nəzərdə tutulmayıb. Universal maskalardır, üçqat materialdan hazırlanır və çoxdəfəlik istifadə üçündür. Bütün maskalar buxarla sterilizasiya edilir və qablaşdırılaraq təqdim olunur".
İstehsalçı deyir ki, bu maskaları yumaq, ütüləmək də olar: "Maskanı hazırladığımız parça bizə Rusiyadan gətirilir. Maskanın 2-ci və 3-cü qatının arasında cib var, oraya filtri yerləşdiririk. Bu filtri dəyişmək mümkündür. Eyni zamanda da həmin filtri bint, pambıqla da əvəzləmək mümkünür".
"Parça çox bahalı və keyfiyyətli olduğu üçün onu 5 il də istifadə etmək olar", - deyə istehsalçı əlavə edir.
Sırf istehsal deyil, satışla məşğul olan digər həmsöhbətimiz deyir ki, onların satışını təşkil etdikləri maskaların 4 filtr qatı var: "Azərbaycanda karantin rejimi başlamazdan öncə biz Rusiyadan maskalar almışıq. Sex istehsalı olan və gündəlik istifadə üçün nəzərdə tutulan bu maskaların PM2.5 standartına uyğun qorunması var. Yəni, ağciyərlərə 2.5 mikron və ya daha kiçik olan mikroskopik hissəciklərin nüfuz etməsindən qoruyur. Çox incə materialdır, heç bir allergiya vermir. Pambığın 4-cü qatı steril pambıqdandır. 50 dəfəyədək yuyula bilər".
"Bundan başqa, növbəti dəfələrdə istifadə zamanı adi pambıqdan deyil, sterilizə olunmuş xüsusi pambıqdan istifadə edə bilərsiniz", - deyə həmsöhbətimiz əlavə edir.
Satdıqları maskanın satış üçün lisenziyasının olduğunu deyən satıcının sözlərinə görə, yollar bağlı olduğuna görə artıq Rusiyadan maska gətirə bilmirlər. Bu səbəbdən hazırda əllərində məhdud sayda maska var: "Hazırda əlimizdə 30-40 ədəd maska var, gündəlik olaraq da satılır".