Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 15 aprel — Sputnik. Koronavirusun dünya iqtisadiyyatına vurduğu zərər ölçülməz həddədir. Eyni zamanda da virusun kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə vurduğu zərər də danılmazdır.
Sputnik Azərbaycan koronavirusun ölkəmizdə kiçik və orta sahibkarlığa vurduğu zərərləri araşdırır.
Həmsöhbətimiz olan Tural Zəkəryazadə Milli Aviasiya Akademiyasının məzunudur, o həm də qabaqcıl layihənin təsisçisi və icraçı direktorudur. Tural Zəkəryazadənin təsisçisi olduğu şirkət eyni zamanda günün tələbinə uyğun olaraq müəyyən işlər görür. Həmsöhbətimizlə öncə tullantıların idarə edilməsi üçün yaratdıqları cihaz haqda danışırıq. T.Zəkəryazadə deyir ki, fəaliyyətini məhz bu istiqamətdə qurmasının səbəbi zibil tullantılarının idarə oluna bilməməsi olub: "Tullantıların ətraf mühitə vurduğu problemləri, bələdiyyələrin isə bunun qarşısını almaq üçün bir iş görə bilmədiyini görüb belə bir ideya ətrafında düşündük. 2018-ci ildə ətraf mühit platforması ilə bağlı olaraq 42 ölkədə belə bir layihə icra olunurdu. Biz həmin layihəyə qoşulmaq üçün müraciət etdik, ölkə qalibi olaraq Şotlandiyaya üz tutduq. Bəhreyndə keçirilən yarışda cihaz təminatına görə qalib seçildik və 25 min dollara yaxın bir investisiya aldıq".
Onun bu uğura gedən yolu heç də asan başa gəlməyib. 2018-ci ildən start verilən layihə haqda təsisçi özü danışır: "Milli Aviasiya Akademiyasında Elmi Tədqiqat İnstitutu ilə birgə işləyirik. Birgə fəaliyyət nəticəsində 6 aylıq pilot layihəni icra etdik. Bu pilot layihənin mahiyyəti ondan ibarət idi ki, zibil qutularına quraşdırdığımız cihazlarımız onun doluluq səviyyəsini göstərirdi. Pilot testimiz uğurla reallaşdı".
Beləcə, onlar günün tələbilə komanda olaraq bu işə start veriblər: "Fərz eləyin ki, siz bələdiyyəsiniz və şəhər ətrafında 500-dək konteyneriniz var. Bu zibil qutuları hər gün boşaldılmalıdır. Ancaq burada bir problem var. Mənzil Kommunal İstismar Birliyinin əlində hər hansı bir məlumat yoxdur ki, bilsin ki, hansı konteynerlər doludur, hansı ərazilərdə zibil aşıb-daşır, yaxud da konteyner yanıb. Bütün bu məlumatlara sahib olmaq üçün biz cihazlarımızı həmin konteynerlərə yerləşdiririk. Bu zaman zibil qutularının doluluq səviyyəsini, daxili temperaturun nə qədər olmasını öyrənə bilirik. Bundan başqa, konteynerin başqa bir əraziyə daşınıb-daşınmaması haqda da məlumat almaq olar. Bununla da əlavə enerji, zaman, pul sərfiyyatının qarşısı alınır. Bütün bu məlumatları izləmək üçün biz alıcılara platformamızı veririk. Bundan başqa, təqdim olunan platforma ilə zibillərin toplanması üçün mənzil başına ən optimal yol göstərilir. Yəni bu da daha qısa yol və daha az sərfiyyat deməkdir. Yanacağa qənaət, yolun azaldılması isə emissiyanın azalması deməkdir".
Bir - sıfır havanın xeyrinə: uduzmağı da bacarmaq lazımdır>>
"Bu platforma ilə biz yanacaq xərclərini 50 faizədək, karbon qazının emissiyasını isə 48 faizədək azalda bilirik", - deyə həmsöhbətimiz əlavə edir.
Təsisçinin sözlərinə görə, artıq xarici ölkələrlə də müəyyən əlaqələr qurublar: "Biz Livana məxsus bir şirkətlə də əməkdaşlıq edirik. Həmin şirkət Livanda şəhərin müxətlif yerlərindən ikinci əl geyimləri, oyuncaqları, elektron əşyaları yığmaq üçün poliqonlar yerləşdirib. Şirkət bu məhsulları təmizləyir, yararlı vəziyyətə gətirir. Bu şirkətin öz mağazası var. Onlarla qurduğumuz əməkdaşlıq çərçivəsində artıq hansı poliqonların dolu, ya da boş olması haqda məlumat alırlar.
Olur ki, zibil maşınının sürücüsü qət etdiyi məsafənin 6 kilometr deyil, 8 kilometr olduğunu deyərək artıq yanacaq pulu alır. Lakin bizim təqdim etdiyimiz sistemlə sürücü az yol qət edib, çox pul tələb edə bilmir, maxinasiyaların qarşısı alınır. Bundan başqa, zibillərin boşaldılması haqda da məlumat verilir. Bunun üçün biz platformanı satır və yalnız aylıq ödənişlərimizi alırıq. Bu platformanı alanlar isə sərfiyyatlarını azaldırlar".
"Biz hər konteynerə görə servis haqqı alırıq. Bu qiymət isə konteyner başına 12-20 dollar arasında dəyişilir. Amma qiymətimiz bəzi nüanslardan asılı olaraq dəyişilir. Bu isə hər ay 100 konteynerə görə təxminən 1000 dollar pul deməkdir", - deyə həmsöhbətimiz əlavə edir.
Cihaz Azərbaycanda 30-35 nöqtədə quraşdırılıb. Şirkətin isə hazırda Bəhreyn, Litva, Əlcəzair və ABŞ ilə əməkdaşlığı var. Artıq yerli məhsulun Gürcüstan bazarına çıxarılması istiqamətində də müəyyən işlər görülüb, bunun üçün onlar Tbilisi meri ilə görüşüblər.
Lakin virusun yaratdığı durum onların bu istiqamətdə olan fəaliyyətlərinə təsirsiz ötüşməyib: "Biz birbaşa olaraq xariclə əlaqələr qururuq deyə, yaranan vəziyyət fəaliyyətimizə təsir edir. Artıq gediş-gəlişimiz yoxdur. Bu istiqamətdə olan fəaliyyətimiz hələ ki, dayanıb".
Günün tələbinə uyğun olaraq şirkət vəziyyətdən çıxış yolunu tapıb: "Hazırda işimizi koronavirusla bağlı fəaliyyətə kökləmişik. Dezinfeksiya ilə bağlı yeni cihazlar hazırlayırıq. Bu, xüsusi kabinalardır. Marketlərin qarşısına qoyulması nəzərdə tutulan bu kabinalara daxil olarkən dezinfeksiya məhlulu şəxsin üzərinə püskürdülür. Bundan sonra həmin şəxs rahatlıqla marketə daxil ola bilər. Hazırda biz belə bir kabina üzərində işləyirik və bundan sonra özümüzə partnyorlar tapacağıq".
"Müəyyən dövr ərzində bu kabinaları dövlətlərə pulsuz paylamağa çalışacağıq", - deyə həmsöhbətimiz əlavə edib. O bildirib ki, sırf bu kabinanın ərsəyə gəlməsi üçün 2 min manatadək vəsait xərcləyiblər: "Bu rəqəmin bir qədər yüksək olmasının səbəbi cihazların xaricdən gəlməsi və qiymətlərin yüksəlməsidir".
"Bundan başqa, koronavirusla əlaqədar olaraq xüsusi 2 tətbiq də yaratmışıq. Bu mobil tətbiqlərdən biri test xarakterlidir və simptomları izləməyə imkan verir. Digər tətbiq isə 8103 SMS xidmətinin mobil tətbiqidir. Qeyd edim ki, bu mobil tətbiqlərin ərsəyə gəlməsində şirkətimizin mobil developeri Valeh Əsədovun da rolu danılmazdır".