BAKI, 9 aprel — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Azərbaycan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi və yenidən silahlandırılması məqsədilə Rusiya istehsalı olan qırıcıları diqqətlə nəzərdən keçirir. Xüsusilə Rusiya təyyarələrinin "hava-hava" tipli R-37M hipersəs raketlərlə uyğunluğunu nəzərə alsaq, onların döyüş səmərəliliyi, qiyməti və keyfiyyəti baxımından bu seçim qanunauyğun görünür.
Bakı ilə Moskvanın hərbi-texniki əməkdaşlığı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup mütəxəssisi Rusiyada Su-35 və MiQ-35 döyüş təyyarələrini istehsal edən müdafiə sənayesi müəssisələrinə baş çəkiblər. Nümayəndə heyətinə təyyarələrin taktiki-texniki xarakteristikaları, döyüş qabiliyyəti, silahları, istehsalı, istismarı və xidməti haqqında məlumat verilib. Azərbaycanın hərbi təyyarəçiləri MiQ-35 qırıcılarında praktiki uçuşlar həyata keçiriblər. Müdafiə sənayesi zavodlarının rəhbərliyi və "Rosoboroneksport"un nümayəndələri ilə görüşlər zamanı Azərbaycanın Rusiya istehsalı olan ən müasir qırıcı təyyarələrin alınmasında maraqlı olduğu bildirilib. Rusiya tərəfi isə öz növbəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin tələbatına uyğun miqdarda döyüş təyyarələri göndərməyə hazır olduğunu bildirib. Bu hələ müqavilə deyil, lakin başlanğıc ümidvericidir.
Ölkənin Hərbi Hava Qüvvələri ən yeni təyyarə və helikopterlərlə maraqlanır. Bundan əvvəl Bakı Pakistan istehsalı olan yeni JF-17 "Thunder" qırıcıları ilə maraqlanıb (bir təyyarənin qiyməti 15-25 milyon dollar arasında dəyişir). Yüngül JF-17 qırıcısı əslində Çinin J-7 təyyarəsinin modernləşdirilmiş versiyası və sovet istehsalı olan MiQ-21 qırıcısının davamıdır. Təyyarənin döyüş diapazonu 652 kilometrdir. Lakin onun mühərrikinin dartma qüvvəsinin çəkiyə olan nisbəti müasir döyüş üçün elə də kifayət etmir (yalnız bir mühərriki var, onun da dartma qüvvəsi cəmi 8300 kiloqram/qüvvədir) və təyyarə 3,5 tonadək döyüş yükünü qaldıra bilir. Müqayisə üçün Su-35 qırıcısı 8 ton döyüş yükünü qaldıra bilər (29000 kiloqram/qüvvə). Ola bilsin ki, Pakistan qırıcıları İtaliyadan alınmış M-346 təlim-döyüş təyyarələri kimi azərbaycanlı hərbi pilotların təlimi üçün nəzərdə tutulub.
Azərbaycanın müdafiə büdcəsi 2020-ci ildə 20 faiz artaraq 2,3 milyard dollara çatıb və bu, ən qabaqcıl silah sistemlərini almağa imkan verir. Yalnız düzgün seçim etmək qalır.
MiQ-35-də uçuşlar
Qanunauyğun bir sual: nə üçün Azərbaycanın Hərbi Hava Qüvvələrinin mütəxəssisləri Rusiyanın müdafiə sənayesi müəssisələrində iki növ qırıcı təyyarəyə baxış keçiriblər, lakin onlardan birini uçuşda sınaqdan keçiriblər? Yəqin ki, Su-35 aviasiya dünyasında yaxşı tanınır, MiQ-35 isə Rusiya aviakonstruktorlarının daha sirli bir şah əsəridir.
MiQ markalı döyüş təyyarələri ailəsində ən yeni aviasiya kompleksi olan MiQ-35 beşinci nəsil texnologiyalardan geniş istifadə etməklə yaradılıb. Bu təyyarənin möhtəşəm konstruksiyası ona MiQ-29 qırıcısından miras qalıb və o, heç bir Qərb analoqlarından geri qalmır. Konstruksiya baxımından MiQ-35 yüngül qırıcı olaraq qalır, lakin gücləndirilmiş korpusu onu şərti olaraq ağır təyyarələr kateqoriyasına aid etməyə imkan verir.
MiQ-35 hava hədəflərinin, hərəkətli və hərəkətsiz yerüstü (suüstü) obyektlərin gecə və gündüz məhv edilməsi üçün nəzərdə tutulub. Ən yeni bort avadanlığı və yüksək dəqiqliyə malik silahlar MiQ-35 təyyarəsinə dördüncü və beşinci nəslin qırıcıları ilə mübarizədə havada üstünlüyü qazanmağa, müasir hava hücum vasitələrini məhv etməyə, düşmənin hava hücumundan müdafiə zonasına daxil olmadan yüksək dəqiqliyə malik silahlarla yerüstü və suüstü hədəflərə zərbələr vurmağa, yüksək texnologiyalı hava kəşfiyyatı aparmağa və aviasiya qruplarını idarə etməyə imkanı verir.
MiQ-35 qırıcısının əsas üstünlükləri: radiolokasiya sistemlərində az "görünmə", idarəetmə kanallarının dördqat rezervasiyası, yeni nəsil avionika, yüksək avtomatlaşdırma səviyyəsinə və müasir məlumat idarəetmə sahəsinə malik pilot kabinəsi, artırılmış dartma qüvvəsi olan yeni mühərriklər, idarəolunan və idarə olunmayan raketlərin, eləcə də uçuşu korrektə olunan yeni bombaların bütün növlərinin tətbiqi.
MiQ-35-in əsas texniki xüsusiyyətləri:
- maksimum uçuş çəkisi: 24500 kq
- maksimum xarici yükün çəkisi: 7000 kq
- maksimum dartma qüvvəsi: 18000 kiloqram/qüvvə (2 x 9000)
- maksimum sürət: 2100 km/saat
- xidmət tavanı: 16000 m
- maksimum cazibə qüvvəsi ekvivalenti (g qüvvəsi): +9
- maksimum uçuş məsafəsi: 3100 km
MiQ-35 təyyarəsi, obrazlı şəkildə ifadə etsək, Su-35-in ölçüsünə görə kiçik və istismarda daha ucuz analoqudur. Bununla yanaşı MiQ-35 yüksək manevretmə qabiliyyətlərinə və 4++ nəslinin digər xüsusiyyətlərinə malikdir. Təsadüfi deyil ki, təyyarə Qərbdə yüksək qiymətləndirilir. MAKS-2019 beynəlxalq aviasiya sərgisində Rusiyanın xarici tərəfdaşları bu yeni qırıcı təyyarənin alınmasına böyük maraq göstəriblər. Rusiya Federasiyasının Hava-Kosmik Qüvvələri keçən il ilk MiQ-35 təyyarələrini alıblar.
Üstün Su-35
Çoxməqsədli yüksək manevretmə qabiliyyətinə malik Su-35 qırıcısı 4++ nəslinə aiddir və MiQ-35 ilə müqayisədə daha çox imkanlara və gücə malikdir. Xüsusiyyətlərinə görə beşinci nəsil təyyarələrinə maksimum yaxındır. Hava, yerüstü və suüstü hədəflərin, eləcə də hava hücumundan müdafiə vasitələri ilə qorunan və aerodromdan əhəmiyyətli məsafədə yerləşən strateji infrastruktur obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub. Su-35S qırıcısı (Su-35-in Rusiya Federasiyasının Hava-Kosmik Qüvvələri üçün modifikasiyası) Suriya Ərəb Respublikasında yüksək effektivliyini sübut edib.
Su-35-in fərqli xüsusiyyətləri:
- yaxın hava döyüşündə müasir və perspektivli qırıcılar üzərində üstünlüyü təmin edən yüksək manevretmə qabiliyyəti və radioelektron müharibə vasitələri;
- radiolokasiya və optik elektron sistemlər (hədəfi 350 kilometrdən "görür") və böyük məsafəli "hava-hava" raketlərinin sayəsində uzaq hava döyüşündə müstəsna effektivliyi;
- qrup hərəkətləri (ən çoxu 16 ədəd Su-35 təyyarəsi ilə) zamanı avtomatlaşdırılmış məlumat mübadiləsi və hədəfləri paylamaq bacarığı;
- naviqasiya sisteminin, eləcə də böyük fəaliyyət məsafəsi və geniş görmə sahəsi olan və bir neçə hədəfi eyni vaxtda vurmağa imkan verən radiolokasiya və optik-elektron sistemlərinin yüksək dəqiqliyi sayəsində geniş çeşidli silahlarla yerüstü və suüstü hədəfləri vurmaq imkanı.
Elektron izləmə sisteminin köməyi ilə 30-a qədər hava hədəfini eyni anda izləmək və 8-ə qədər hava hədəfinə eyni anda atəş açmaq mümkündür (Su-35 təyyarəsinə 5-ə qədər uzunmənzilli raket, 12-yə qədər ortamənzilli raket yerləşdirmək olar). İdarəetmə proseslərinin avtomatlaşdırılması və kabinənin məlumat idarəetmə sahəsinin "intellektual dəstəyi" sayəsində pilotun iş yükü azalır. Böyük uçuş məsafəsi isə aerodinamik tərtibat və böyük yanacaq ehtiyatı (11,2 ton) ilə təmin edilir. Təyyarənin konstruksiyası gücləndirilib və yeni materiallardan istifadə etməklə yenidən layihələndirilib ki, bu da onun istismar resursunu 25 ilə qədər artırmağa imkan verib.
Su-35 təyyarəsinin əsas texniki xüsusiyyətləri:
- maksimum uçuş çəkisi: 34500 kq
- maksimum xarici yük: 8000 kq
- maksimum dartma qüvvəsi: 29000 kiloqram/qüvvə (2 x 14500)
- maksimum sürət: 2400 km/saat
- xidmət tavanı: 18000 m
- maksimum cazibə qüvvəsi ekvivalenti (g qüvvəsi): +9
- maksimum uçuş məsafəsi: 4500 km
Qısası, MiQ-35 ilə müqayisədə Su-35 qırıcısı daha ağırdır, daha çox döyüş yükü daşıyır, daha yüksəyə, daha sürətlə və daha uzağa uçur. Ancaq bütün bunlar heç də MiQ-35-in üstünlüklərini azaltmır. Hər iki qırıcının öz yaxşı tərəfləri var. Güman edirəm ki, mütəxəssislər ilk növbədə böyük məsafəli hipersəs raketlərdən istifadə perspektivlərini nəzərə alaraq öz seçimlərini edəcəklər.
Rusiya Federasiyasının Hava-Kosmik Qüvvələrinin 100-dən çox Su-35 qırıcı təyyarəsi var. NATO üzvü olan Türkiyə də daxil olmaqla, bir çox ölkələr öz hərbi hava qüvvələri üçün bu təyyarəni almağa maraq göstərirlər.
R-37M hipersəs raketləri
Rusiya R-37M hipersəs raketləri hesabına Su-37 döyüş təyyarələrinin imkanlarını artırır. "Hava-hava" tipli bu super-uzunmənzilli raketin sınaqları yekunlaşmaq üzrədir. Yeni məhsul 1989-cu ildən silahlanmada olan əvvəlki nəsil R-37 raketlərinin təkmilləşmiş versiyasıdır.
R-37M raketi 300 kilometrdən çox məsafədə yüksək sürətli hava hədəflərini vura bilir. Raketin dəqiqliyini radiolokasiya sistemindən, ətalət naviqasiya kompleksindən və özütuşlanan başlıqdan ibarət unikal bir nişanlama sistemi təmin edir.
Ən yeni R-37M raketi qırıcı aviasiyanın gücünü və imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Raket Rusiyanın dördüncü və beşinci nəsil qırıcılarını silahlandırmaq üçün nəzərdə tutulub. R-37M raketinin ətraflı taktiki-texniki xüsusiyyətləri açıqlanmır. Məlumdur ki, raketin kütləsi təxminən 500 kiloqramdır, konstruksiyası normal aerodinamik sxem üzrə qurulub. R-37M qarşıdan gələn hava hədəflərini məhv etməyə qadirdir. Raket hədəfə uçarkən düşmənin lokatorlarında görünmür, çünki ətalət naviqasiya sistemi işləyir. Hədəfə çatanda isə özütuşlanan aktiv radiolokasiya başlığı işə düşür ki, düşmən təyyarəsinin manevr üçün vaxtı qalmır. Raket "finiş xəttinə" yaxınlaşanda 6M hiperəs sürətində uçmağa başlayır.
Rusiyanın R-37M raketinin yeganə rəqibi Amerikanın beşinci nəsil F-22 və F-35 təyyarələrində istifadə olunan AIM-120 AMRAAM raketidir (ABŞ, NATO və onlarla digər ölkənin hərbi hava qüvvələrinin əsas "hava-hava" tipli silahıdır). Amerika raketinin hədəfi maksimum vurma məsafəsi yalnız 180 kilometrdir. Bu, Rusiya müdafiə sənayesinin sistemli üstünlüyünün sübutudur.
Yüksək texnologiyaların inkişafı sayəsində Rusiya uzun illərdir ki, beynəlxalq silah bazarında əsas ixracataçı dövlətlər arasında aparıcı mövqeyini qoruyub saxlayır. 2019-cu ildə Rusiya dəyəri 15,2 milyard dollardan çox olan silah-sursat ixrac edib. ABŞ hökumətinin Rusiyanın müdafiə sənayesi müəssisələrinə qarşı tətbiq etdiyi sanksiyalar mənasız olub. Moskva silahlarının ənənəvi alıcılarını itirməyib və hətta yeniləri (təxminən 50 ölkə) onlara qoşulub. Rusiyanın hava döyüşü (ümumi ixracın 54 faizi) və hava hücumundan müdafiə (30 faiz) sistemləri daha çox tələb olunur. Maksimum maraq Su-35S qırıcılarına və S-400 zenit komplekslərinədir.
Ötən il Bakı ilə Moskva arasında ticarət dövriyyəsi 20 faiz artıb və 2,5 milyard dollara çatıb. Təbii ki, bu məbləğin əhəmiyyətli hissəsi hərbi-texniki xətt üzrə müqavilələrin payına düşür. Qarşılıqlı faydalı əməkdaşlığın inkişafı davam edir.