Müasir dövrdə uydurma hekayə və hadisələr şəhər folklorunun əsasını təşkil edir. Hər gün onlarla fantastik bədii və animasiya filminə baxan insanlar elə bir o qədər də yalançı əhvalat yaymaqla məşğul olurlar. Koronavirusla bağlı məcburi fəaliyyətsizlik həm də bir sıra qondarma mifləri gündəmə gətirib. “WhatsApp” qruplarında demək olar hər gün yeni bir səs faylı, maraqlı foto və videolar yayılır. Bəzi nümunələr qorxu-təlaşa səbəb olsa da, bir çox halda incə yumorla da rastlaşırıq. Bəzi məşhur insanlar da bu yaradıcılıq prosesinə qoşulublar.
Xəstəlik müxtəlif formalı uydurma əhvalatları ortaya qoymalı idi
Evdə məcburi karantində vaxt öldürməklə məşğul olan müğənnilər sosial şəbəkədə mahnı oxuyur, bloqçular məzəli əhvalat danışır, aktyorlar isə yumorla dolu səhnələr təqdim edirlər. Özü də istəmədən məşhurlaşan insanlar da olur. Əlbəttə, hər hansı bir ciddi çaxnaşmaya səbəb ola biləcək feyklərlə dövlət qurumları mübarizə aparır. Hər ölkədə bir qanun var. Ən sərt qaydalar koronavirus yalanına görə Keniyada tətbiq edilib: 50 min dollar cərimə və ya 2 il həbs cəzası.
Yalan xəbərlər şəhər folklorunun bir hissəsidir, özü də iş-gücdən məcburi qalmısansa, deməli nəsə yarada bilərsən. Hərə zamanı bir cür öldürür, kimsə çoxdan arzuladığı kitabı oxuyur, kimsə televizorun önündə mənasız filmə baxır, kimsə də nəsə yaradır. Əlbəttə artıq pandemiyaya çevrilmiş bir xəstəlik də müxtəlif formalı uydurma əhvalatları ortaya qoymalı idi. Bir hissə yalan elə birbaşa mətbuatda tirajlanır. Adətən, bu yalanlar ənənəvi müalicə üsullarına bağlıdır. Məsələn, son dövrdə sarımsaqla bağlı kifayət qədər yalan məlumat yayılıb. Guya qripdən və ya koronavirusdan qorunmağın ən uyğun yollarından biri sarımsaq yemək, onun iyini ətrafa yaymaqdır. Sarımsaqdan hazırlanan müxtəlif reseptləri hər gün internetdə yayırlar. Min dərdin dərmanıdır guya.
Özü də bəzən sarımsaq mifini elə sağlamlıq saytları yayır. Nəticədə məhsulun qiyməti ən azı iki dəfə qalxıb, harada kimi dindirsən, deyir sarımsaq yeyib araq içirəm, bu da mənim müalicəm. Hətta siqaret tüstüsünün xəstəliyə qarşı yaxşı bir vasitə olduğunu iddia edənlər də tapılıb. Rusiyadan olan bir şəxs isə müalicənin yalnız zəncəfillə aparılmalı olduğunu deyib. İnternetdə yayılan videoda özünü həkim adlandıran bu insan zəncəfildən əlavə sarıkökün də virusa qalib gəlmək gücünə malik olduğunu bildirir.
Saat 11-dən 5-ə kimi göydən helikopterlər milyonlarla manat tökəcək
Ən maraqlı folklor nümunələrindn biri martın ortalarında yayılan səs yazısı olub. Səs yazısında göydən xüsusi dezinfeksiya vasitələrinin təyyarə və helikopterlərin köməyi ilə səpiləcəyi bildirilib: “Qardaşlar, salam-əleyküm. Axşamlarınız xeyir. Xahiş edirəm, eşikdə paltar-palaz qoyma. Əliniz kimə çatır, hamıya səs çatdırın ki, saat 11-dən gecə saat 5-ə kimi eşik havasını “samolet”larla dərmanlayacaqlar. Eşikdə heç nə qalmasın, “v osnovnom” paltar. Nə qədər insana çatdırsanız, çatdırın bu səsi. Hamıya bildirin də».
Kimsə bəlkə də bu səs yazısını ciddi qəbul edə bilərdi, amma istedadlı insanlar o dəqiqə buna incə bir yumorla cavab verdilər. Yeni səs yazısında hətta göydən “dezinfeksiya olunmuş pul yağışı”nın olacağından xəbər verildi: “Kəmalə, bu səsimi hamıya yolla. Qoy, bilməyənlər bilsin, yazıqdır bu millət. Kəmalə, bu gün saat 11-dən 5-ə kimi göydən helikopterlər milyonlarla manat tökəcək. Bax, kim yığdı, yığdı. Yığa bilməyən bəxtindən küssün. Hamı dezinfeksiya olunmuş pullardır. Bax, onları yığıb aparıb dollara çevirsinlər. Dollar qalxıb 3 olacaq. Bax, mən sənə deyirəm. Bunların hamısını yolla camaata, qoy bilsinlər. Əllərini açsınlar, 11-dən 5-ə kimi gözləsinlər. Göydən milyonlarla manat töküləcək, Kəmalə”.
Daha bir səs yazısında insanlara koronavirusu təyin etməyin yolları da göstərildi: “Salam. Koronavirusla mübarizə mərkəzinə xoş gəlmisiniz. Asqırırsınızsa -1, öskürürsünüzsə – 2, …sa – 3, qarnınız ağrıyırsa – 4, başınız ağrıyırsa – 5 düyməsini basın. Bütün bu halların hamısı sizdə varsa, “otboy” düyməsini basın. Siz artıq koronavirusa tutulmusunuz. Siz qəbiristanlığa zəng eləyin”.
Sosial mediada vətəndaşlara “havayı” pul almağın yolları da məsləhət bilindi: “Diqqət!!! Koronavirusu ilə əlaqədar olaraq. Haminin evdə oturmağı xahiş olunur. Azərbaycan respublikasının prezidentinin sərəncamına əsasən hər bir vətəndaşa 1200 manata qədər pul ayrılıb .Adınızın siyahıda olub olmamasını yoxlamaq üçün aşağıdakı sayta daxil olun.....http://Nolur.com”.
Günümüzdə məşhur olan #Evdəqal, #evdeqal, #coronavirus, #HəmrəyOlaq həştəqlərinə uyğun müxtəlif yeni formalar da uyduruldu. Məsələn, “ac qal, evdə öl”, “40 ildir evdə qalmışam, hələ nə qədər qalmalıyam”, “#arxivşəkillərinəbax”, “#Üzüzəgəlmə”, “#İDMANDANQALMA” kimi postlar sosial şəbəkədə yayıldı.
Guya peyklərdəki lazerin köməyi ilə insanların qızdırmasını ölçəcəklər
Xalq və şəhər folkloru nümunələri təkcə Azərbaycanda deyil, həm də bizə yaxın postsovet məkanı ölkələrində də müşahidə edilib. Məsələn, qonşu Rusiyanın ən azı 7-8 bölgəsində helikopterdən kimyəvi vasitələrin havadan yayılacağı barədə müxtəlif platformalarda səs faylları, kiçik postlar yayılıb. Tula, Tümen, Krasnoyarsk kimi bir-birindən aralı şəhərlərdə belə şayiələr özünə yer tapıb. Gürcüstanda havadan yayılacaq kimyəvi vasitələr xəbəri ciddi təlaşa əsas yaradıb. Tbilisi meriyası təkzib xəbəri verməyə məcbur olub. Belə tip xəbərlər Tacikistan, Özbəkistan, Belarus, Ukraynada da yayılıb.
Ukraynanın Odessa şəhərində helikopter xəbərinın yayılması ciddi problem yaradıb. Bəzi sakinlər gecə helikopterlərin səsini eşitdiklərini iddia ediblər. Hətta bu şayiə ilə bağlı satirik foto da quraşdırılıb. Guya peyklərdəki lazerin köməyi ilə insanların qızdırmasını ölçəcəklər. Sakinlərdən pəncərə yanında dayanıb ulduzlara baxmaq xahiş edilib. Yəni Ukraynada da maraqlı paylaşımlarla rastlaşırıq.
Tanış həkim, jurnalist, polis, məmur belə xəbərlərdə mənbə rolunu oynayır
Epidemiya və təbii fəlakət zamanı bu tip şayiələrin yayılması nə səbəbdən baş verir? Bunun kökündə müxtəlif faktorlar durur. İlk növbədə insanlar rəsmi xəbərə inamsız yanaşma nümayiş etdirirlər. “Kim bilir orada nə baş verir. Bəlkə də bizdən çox məsələləri gizlədirlər” fikirləşən adi insan daha çox qonşuluqda yaşayan tanış həkimin sözünə inanır. Əgər desə “problem yoxdur, xəstəlik ağır deyil, nə istəyirsiniz edə bilərsiniz”, deməli, ona inanmağına dəyər. Elə “WhatsApp” qruplarında yayılan bəzi həkim açıqlamalarında əksinə vəziyyətin daha ağır olduğu barədə fikirlər təlaşı daha da artırıb. Özü də səsi yayılan həkimin yaxın tanış olduğunu iddia edənlər də var. Tanış həkim, jurnalist, polis, məmur adətən belə xəbərlərdə mənbə rolunu oynayır. Elmdə buna “zəif əlaqənin gücü” deyirlər.
Yəni adi insan ümumən rəsmi tibbə o qədər də etibar etmir, amma tanış həkimin sözü onun üçün etibarlı mənbə rolunu oynayır. “Zəif əlaqələr” - bizim ara-sıra müraciət etdiyimiz telefon kitabındakı insanlara işarədir. Lazım olanda yardım və məsləhət ala bilərik. İnsanlarda belə bir fikir var: sənə özündən başqa heç kim yardımçı ola bilməz. Bu səbəbdən də yoxlanmadan keçməyən, amma həmin bu “zəif əlaqələrin” vasitəsi ilə aldığımız məlumatı düşünmədən tanışlarımız arasında paylaşırıq. Bunun qarşısını almaq da çətindir. Rəsmi xəbər daim mümkün kanalların köməyi ilə mümkün qədər tez-tez paylaşılmalıdır.
“Mötəbər bir dövlət qurumunda çalışır, onun dediyinə tam inanıram”
Bu tip feyk xəbərlərin bəzən rəsmi “təsdiq”i də olur. Yəni şayiə yayan birisi bəzən xəbərin arxasına rəsmi mənbənin fotosunu da qoşa bilər. Ya çox yaxın bir dostdan alınan xəbər kimi təqdim olunar, etibarlı olmasına da şübhə yoxdur. “Bu dost çox mötəbər bir dövlət qurumunda çalışır, onun dediyinə tam inanıram” kimi fikirlər həqiqət kimi paylaşılır.
Sosial şəbəkədə yayılan şayiə, feyk və müxtəlif uydurma xəbərlər problem yarada bilərmi? Bəzi halda yarada bilər. Yəni hər hansı bir çağırış, çaxnaşmaya səbəb ola biləcək təbliğat varsa, bunu araşdırmağa dəyər. Hüquq-mühafizə orqanları mütləq reaksiya göstərməlidirlər. Hətta “WhatsApp” sosial şəbəkəsində koronavirusla bağlı səs yazısı yayan Gəncə şəhər sakini Elmira Məmməd qızı Məmmədova artıq saxlanılıb. Araşdırma aparılır.
Qalan halda isə, necə deyərlər, insan öz-özünə, probleminə gülməyi bacarmalıdır. Yumor hissi ağır vəziyyətdə çıxış yolu ol bilər. Proses dilçi, folklorçu alimlərin tədqiqat mövzularına da təkan verər. Belə araşdırmalar bizə ekstremal vəziyyət üçün gələcəkdə daha hazırlıqlı olmağa yardım edər.