Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətləri işə salınacaq. Bu, koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalarda öz əksini tapıb. Qaydada alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması tapşırılıb.
Qeyd olunub ki, bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlər görüləcək. Bəs görəsən, Azərbaycanda alış-veriş mərkəzləri evlərə ərzaqların çatdırılması xidmətlərini işə salıblarmı? Bu məqsədlə Sputnik Azərbaycan araşdırma aparıb.
Əlaqə saxladığımız iri supermarketlərdən evə çatdırılma xidmətinin hələ ki, işə salınmadığını söylədilər. “Araz” supermarketindən bildirdilər ki, müştərilərdən bunun üçün müraciət olsa da, sifarişləri yerinə yetirmək üçün kadr yoxdur. Supermarketin Bayıl filialından bildirdilər ki, bunun üçün əlavə işçi qüvvəsi tələb olunur.
Əlaqə saxladığımız digər iri supermarketlərdən də hələ ki, çatdırılma xidmətinin işə salınmasının mümkün olmadığını söylədilər. Qeyri-ərzaq məhsullarının satış mağazaları isə artıq evə çatdırılma xidmətinə başlayıb. "Zara" mağazalar şəbəkəsindən bildirdilər ki, müştərinin seçdiyi məhsul ünvana çatdırılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ərzaq məhsullarının satışı ilə məşğul olan iri marketlərin evə çatdırılma xidməti göstərməsi üçün işçi ilə yanaşı, buna şəraiti olmalıdır:
”Ərzaq məhsullarının daşınması qaydalarına əməl edilməlidir. Bunun üçün ərzaq mağazalarının soyuducusu olan avtomobilləri olmalıdır. Əlavə işçiləri olmalıdır. Hələ ki, ərzaq mağazaları buna hazır deyil. Ona görə də NK-nın bu tələbini ən böyük marketlər belə icra etməyə çətinlik çəkir”.
E.Hüseynov bildirib ki, çatdırılma xidməti göstərmək üçün ərzaq mağazaları bunun üçün xərc çəkərək soyuducusu olan avtomobillər almalı, bu xidməti göstərmək üçün işçi heyəti formalaşdırmalıdırlar: "Qeyri-ərzaq məhsulları satanlar üçün bu xidməti göstərmək elə də çətin deyil. Çünki bunun üçün böyük işçi qüvvəsinə ehtiyac yoxdur”.
E.Hüseynov koronavirusa görə çatdırma xidməti göstərən işçilərin birdəfəlik əlcəklərdən istifadə etməli olduğunu söyləyib.