Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, martın 16-dan etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi, o cümlədən şadlıq sarayları və restoranlarda toyların qeyd olunması qadağan olunur.
Restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir.
Maraqlıdır, restoran və şadlıq evlərinin sahibləri bu qadağalara məhəl qoyurmu? Sputnik Azərbaycan bununla bağlı kiçik bir sorğu keçirib.
Bəzi restoranlar artıq iyuladək yerlərin dolduğunu, martda olacaq toyların da o vaxtadək təxirə düşdüyünü və toy keçirtmək üçün yalnız aprelin 14-ü və 17-18-i tarixlərində boş yerlərin olduğunu bildiriblər: “Aprelin 14-də toy edə bilərsiniz. Çünki qərar ayın 13-də verilib və orada 1 ay müddətinə toy və şənliklərin qadağan edildiyi qeyd olunub. Bu səbəbdən də əgər qərarda dəyişiklik olmazsa, ayın 14-də toy edə bilərsiniz”.
Dezinfeksiya işlərinə gəlincə isə, əlaqə saxladığımız digər şadlıq sarayında bizə belə deyilib: “Əgər toya gələnlər arasında belə bir xəstə olsa, dezinfeksiyanın nə xeyri olacaq? Bu virus onsuz da keçicidir. Biz dezinfeksiya edirik, amma xəstəlik divarlarda olmur”.
Əlaqə saxladığımız digər restoranda isə yalnız iyundan etibarən boş yerlərin olduğunu öyrəndik: “Kimsə istəsə, Ramazan bayramında toy edə bilər. Bu günlər boşdur. Amma dini adətlərə əməl edənlər toy etmək istəyirsə, iyun ayını gözləməli olacaqlar”.
Əlaqə saxladığımız bu restoranda qiymətlər 32-36 manat arasında dəyişir.
“Toylar dayanıb, heç cür martda toya razılıq verə bilmərik. Buna əməl etməsək, şadlıq sarayını bağlayarlar. Siz buranın bağlanmasını istəyirsiniz? Bu bir cinayətdir. Yalnız aprelin 15-dən sonra əlaqə saxlaya bilərsiniz”, - deyə məşhur şadlıq saraylarından birindən verilən məlumatda bildirildi.
Restoran sahibi qarşıdakı aylarda qiymətlərin qalxmayacağını, əksinə, tələbin çox olmasına görə azalacağını proqnozlaşdırır: “Siz hələ gəlin görün ki, apreldə toy etmək üçün yer tapa biləcəksiniz, ya yox. Çünki aprelin 15-dək olan toylar aprelin 15-dən sonraya keçirildi”, - deyə digər şadlıq sarayının sahibi bildirib.
Restoran sahibləri bu günlərdə toyların təxirə salınmasından heç də narahat görünmürlər. Çünki, əgər qadağa müddəti uzudılmazsa, qarşıda onları çox gərgin iş günləri gözləyir.
Göründüyü kimi, bütün cəhdlərimizə rəğmən, restoran sahibləri qadağa müddətinə əməl etməkdə, bir sözlə qanunla hərəkət etməkdə israrlıdırlar. Təbii ki, təhlükəsizlik və sağlam həyat üçün...