BAKI, 12 mart — Sputnik, Aleksey Muxin. Neft bazarında qiymətlərin korreksiyası Rusiyaya qarşı yeni təzyiqlərə səbəb olub.
Səudiyyə Ərəbistanı növbəti dəfə neft hasilatını artacağını (bu dəfə sutkada 13 milyon barelə qədər), ABŞ isə Rusiya şirkətlərinə təzyiqlərin artırılmasının mümkünlüyünü araşdıracağını bəyan edib. Nəticədə qalxmağa başlamış neft qiyməti və rublun məzənnəsi yenidən düşüb.
Ər-Riyad və Vaşinqton məqsədli şəkildə neft qiymətləri və valyuta məzənnəsi ilə manipulyasiya edərək, şantaj vasitəsilə Moskvanı dünya enerji bazarından sıxışdırmağa və Rusiyanın özündə siyasi sabitliyi pozmağa çalışırlar.
Xatırladaq ki, OPEC+ razılaşmasının pozulması Səudiyyə Ərəbistanının Rusiyaya qarşı irəli sürdüyü ultimatumla başlayıb. Neft hasilatının əlavə azaldılması ilə bağlı Rusiyanın maraqlarına zidd tələblər irəli sürülüb. Əslində, bu şantaj idi: ya şərtlərimizi yerinə yetirəcəksən, ya da bazarı çökdürəcəyik.
Neft müharibəsi: Qərb ekspertləri gələcək qalibin adını açıqladılar
Rusiyanın ultimatumu qəbul etməməsindən sonra Səudiyyə Ərəbistanı hasilatın sutkada 12,3 milyon barelə qədər artacağını bəyan edib və bu, bazarı çökdürüb.
Rusiya koronavirusun tələbata göstərdiyi ortamüddətli təzyiqi nəzərə alaraq tərəfdaşlarla kompromisə getməyə hazır idi. Ancaq Rusiya üçün şantaj qəbuledilməzdir. Rusiya şantaja uymur.
Üç il bundan əvvəl Rusiya bazarı sabitləşdirmək üçün sövdələşməyə getdi. Müəyyən məqamda bu sövdələşmə öz müsbət rolunu oynadı. Lakin sazişin uzadılması bazardan ucuz neftin çıxarılmasına və onun ABŞ-ın bahalı şist nefti ilə əvəz etməsinə gətirib çıxaracaqdı.
OPEC+ hasilatının ixtisarı tamamilə (və kifayət qədər tez bir şəkildə) Amerikanın hasilatı artırması ilə kompensasiya edildi. Səudilər o vaxt rusiyalı nümayəndələri (Energetika Nazirliyini) sövdələşməni uzatmağın zəruri olduğuna inandırıblar. Bu, onlara "Saudi Aramco" neft şirkətinin səhmlərin yerləşdirilməsini (IPO) dəstəkləmək üçün lazım idi. Nəticədə sövdələşmə uzadıldı və IPO uğurla keçdi.
Müqavilə qüvvədə olduğu müddətdə Səudiyyə Ərəbistanının büdcə kəsiri azalaraq 2019-cu ildə ÜDM-in 3,8 faizinədək endi (2016-cı ildə 12,9 faiz). İnfrastruktur, turizm və insan kapitalına irimiqyaslı investisiyalar hesabına "neft asılılığı"nın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi üzrə strateji proqram işə salındı.
Neft bazarında ajiotaj: "böyüklər"in qərarını mərkəzi banklar götür-qoy etməli olacaq
Lakin OPEC+ razılaşmasının qüvvədə olduğu müddət ərzində Amerika şist neft hasilatını yenidən artırdı. İxrac infrastrukturunun yaradılması başa çatdı. Qərb agentliklərinin fikrincə, OPEC+ hasilatının məhdudlaşdırılması dəfələrlə Amerikanın şist neft istehsalçıları üçün xilasedici amilə çevrilib. "Citigroup" şirkətinin analitikləri nikbin proqnozlar verərək, 2023-cü ilə qədər iri Perm yatağında şist neft istehsalının 60 faiz artacağını bildiriblər. Tək bu yataq Səudiyyə Ərəbistanını çıxmaq şərti ilə bütün OPEC-dən daha çox neft verəcək.
ABŞ və Səudiyyə Ərəbistanının bütün bu uğurları faktiki olaraq Rusiyanın OPEC+ sövdələşməsində iştirakı sayəsində əldə edilib. Bəs niyə məhz indi bu ultimatum irəli sürüldü?
Səudiyyə Ərəbistanının davranışında kəskin dönüş birbaşa sifarişdir. Bunu yalnız ABŞ administrasiyası məmurlarının çoxsaylı bəyanatları deyil, həm də Maliyyə naziri Stiven Mnuçinin görünməmiş şəkildə Rusiya səfirini çağıraraq Rusiyadan bazarların sabitləşdirilməsi üçün məsuliyyəti birbaşa öz üzərinə götürməyi, yəni Səudiyyə Ərəbistanının şərtləri əsasında sövdələşməyə qayıtmağı tələb etməsi sübut edir. Bununla yanaşı, Səudiyyə Ərəbistanı səfirini nədənsə Amerikanın Maliyyə Nazirliyinə heç kim çağırmayıb.
Burada Trampın tədbir görərək OPEC-i cavab verməyə çağıracağına dair təhdidlərini xatırlaya bilərik. Bundan başqa, ABŞ prezidenti özünü "NOPEC", yəni "Neft istehsalçılarının və ixracatçılarının kartellərinə yox" adlı qanun layihəsinin tərəfdarı adlandırıb. Bununla yanaşı, Mnuçinin səfiri çağırması əslində Rusiyanı kartel razılaşmasına qayıtmağa məcbur etmək cəhdidir.
Biz hazır idik – Rusiya neft ssenarisini hazırladığını etiraf etdi
Güman etmək olar ki, Səudiyyə Ərəbistanı ultimatum verərkən Rusiyanın imtina etməyəcəyinə əmin idi. Özü də təkcə sırf bazar/iqtisadi yox, həm də siyasi səbəblərə görə. Ümid edilirdi ki, Rusiya rəhbərliyi ölkədə vacib konstitusiya düzəlişlərinin qəbul edildiyi bir vaxtda neft qiymətlərinin və rublun düşməsi nəticəsində sosial-siyasi sabitliyin pozulmasından çəkinərək sazişdən imtina etməyəcək.
Şantajın məğzi nə idi? Ya siz Amerika şistinə pul qoymağa davam edəcəksiniz, ya da biz bazarı çökdürəcəyik — bunun da təkcə iqtisadi deyil, həm də siyasi nəticələri olacaq. Səudiyyə Ərəbistanı burada Amerikanın maraqlarının birbaşa lobbiçisi kimi çıxış edir, ABŞ isə daxili siyasi prosesdən təzyiq vasitəsi kimi istifadə edərək, Rusiyanın daxili siyasətinə açıq şəkildə müdaxilə edir. Mnuçinin reaksiyası, xüsusilə isterikanı xatırladır.
Hazırda həm Səudiyyə Ərəbistanı, həm də son vaxtlara qədər ABŞ-ın iqtisadi artımının lokomotivlərindən biri və Trampın seçkiqabağı kartlarından biri olmuş şist neft sənayesi son dərəcə pis vəziyyətə düşüb. "Şist inqilabı" onlar üçün şist fəlakətinə çevrilə bilər. "Wall Street Journal" nəşri qeyd edir ki, "Chesapeake Energy Corp" və "Whiting Petroleum Corp" da daxil olmaqla onlarla borclu şirkət hətta neft qiymətləri düşənə qədər də maliyyə çətinlikləri yaşayırdı. İndi isə onların səhmləri sürətlə düşür, sənayenin liderlərinin kapitallaşması 30-50 faiz azalıb.
Nəşrin bildirdiyinə görə, 2014-cü ildə qiymətlərin çökməsi ilə bağlı vəziyyətdən fərqli olaraq, indi Amerikanın maliyyə sektoru şist neft hasilatçılarına kömək edə bilməyəcək, çünki o, aşağı dividendlər üzündən bu sahəyə marağı itirib. Kiçik şirkətlər kreditləşmə səbəbindən kütləvi iflasla üzləşiblər.
Neft sürətlə ucuzlaşır – Son üç ildə ən aşağı qiymət
İndi ABŞ administrasiyası şist neft hasilatçılarına dəstək tədbirlərini müzakirə edir, lakin Amerikanın iqtisadi və siyasi isteblişmentinin əhəmiyyətli bir hissəsi çox ciddi şəkildə bu cür tədbirlərə müqavimət göstərir. Öz növbəsində, Səudiyyə Ərəbistanı yalnız Şahzadə Məhəmmədin iddialı islahatlarını deyil, həm də ölkənin siyasi sabitliyi təhdid altına atan çox ciddi büdcə kəsiri ilə üzləşə bilər.
Qərbli ekspertlərin əksəriyyəti Rusiyanın bu vəziyyətdən qalib çıxmaq şansının Səudiyyə Ərəbistanından daha çox olduğu qənaətindədirlər. Lakin bu məsələ bir neçə günün və ya bir neçə ayın söhbəti deyil. Əlbəttə ki, Səudiyyə Ərəbistanı konstruktiv dialoqa qayıtmasa.
Rusiya isə öz növbəsində belə bir dialoqa hazırdır.