BAKI, 12 mart — Sputnik. OPEC-ə daxil olan İraq və Küveyt də Səudiyyə Ərəbistanının ardından aprel ayında təklif etdikləri xammalın qiymətini azaltmaq barədə qərar veriblər. Bu arada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) fevral ayında həyata keçirilən neft sövdələşmələri üçün də qiyməti aşağı endirib. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, bütün bunlar Ər-Riyad və Moskva arasında qiymət müharibəsi fonunda baş verib.
Məlumata əsasən, İraq "Basrah Light" markalı neftin bir bareli üçün qiyməti 5 dollar, Saudi Aramco isə "Arab Medium" markalı neftin bir bareli üçün qiyməti 6 dollar azaldır. Küveytin isə idxalçılara nə qədər güzəşt təklif edəcəyi açıqlanmır.
Qeyd olunur ki, bütün bu endirimlər Asiya idxalçıları üçün nəzərdə tutulub.
Bu arada Birləşmiş Ştatların "Politico" nəşri məlumat yayıb ki, neft bazarında yaranan gərgin vəziyyət fonunda ABŞ Prezidenti Donald Tramp Rusiyadan olan nümayəndələrlə müzakirələr aparıb.
Nəşr rusiyalı nümayəndələrin adını, həmçinin görüşün nə vaxt keçirildiyini açıqlamayıb.
"Politico" eyni zamanda vurğulayıb ki, Rusiyadan olan nümayəndələr "Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxslərdir".
Ağ Ev isə öz növbəsində məlumatı təsdiqləməyib.
Xatırladaq ki, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+") nazirlərinin görüşü nəticəsiz başa çatıb.
Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb.
Görüşdən sonra yayılan rəsmi məlumatda neftin qiymətini sabit saxlamaq üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.