BAKI, 11 mart — Sputnik. Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən telefon danışığı zamanı Akarla Şoyqu Suriyanın İdlib regionunda atəşkəs rejiminin saxlanılması və bununla bağlı digər məsələləri müzakirə edib.
Akar və Şoyqu telefon danışığı zamanı Suriyanın İdlib regionunda sülh və sabitliyin hakim olması üçün səylərini davam etdirəcəklərini bildirib.
Qeyd edək ki, Türkiyə martın 5-ində əldə olunun razılaşmaya uyğun olaraq Suriyanın İdlib vilayətində olan ağır texnikasının bir hissəsini öz ərazisinə geri çəkməyə başlayıb.
Xatırladaq ki, martın 5-i Moskvada Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib regionunda gərginliyi müzakirə edib. Görüşün yekunlarına dair birgə sənəd qəbul olunub. Tərəflər "Astana formatı"na sadiq olduqlarını bildirib və həmin gün gecə yarısından İdlib vilayətində atəşkəs rejiminin tətbiq olunduğunu bəyan ediblər. Bundan əlavə, tərəflər strateji əhəmiyyətə malik və yaraqlıların əlində olan M4 trasında birgə patrul aparılmasına dair razılıq əldə olunub.