BAKI, 3 mart — Sputnik. "Yanvar ayında ümumi ixracımızda ilk onluqda nə Çin, nə də İran var. Bu dövlətlər əsasən idxalda önə çıxıblar. Belə ki, yanvar ayında Çindən 114 milyon ABŞ dolları, İrandan isə 24 milyon ABŞ dolları dəyərində mal idxal olunub".
Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı koronavirus təhlükəsinə görə yaranan qlobal dalğalanmalar Azərbaycanın ticarət dövriyyəsinə necə təsir göstərəcək sualını cavablandırarkən bildirib.
O deyib ki, 2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 2,1 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 851 milyon ABŞ dolları və ya 66,5 faiz artıb: "Bu müddətdə idxal isə 720 milyon ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 304 milyon ABŞ dolları və ya 29,7 faiz azalıb. Yəni yanvar ayında ixracımız artıb və idxalımız azalıb. Nəticədə bu ilin yanvar ayında ticarət dövriyyəsində 1,4 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb".
"2019-cu ilin rəqəmlərinə nəzər saldıqda aydın olur ki, Çinə 752 milyon ABŞ dolları dəyərində mal ixrac etmişik, bu ölkədən idxalımız isə 1,4 milyard ABŞ dolları olub. Ötən il İrana 41 milyon ABŞ dolları dəyərində mal ixrac etmişik, idxalımız isə 453 milyon ABŞ dolları olub. Yəni 2019-cu ildə idxalımızın 10,48 faizi Çinin, 3,31 faizi İranın payına düşüb", -deyə o qeyd edib.
Onun sözlərinə görə, amma zərurət yarandığı təqdirdə bu idxalı da başqa ölkələrlə əvəzləmək mümkündür: "Əslində bununla bağlı alternativlər də mövcuddur. Məsələn, ötən il qardaş Türkiyə Respublikası ilə ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Amma bu rəqəmin 2023-cü ildə 15 milyard dollara çatdırılması hədəflənir. Məhz bu ilin fevral ayının 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan sənədlərə diqqət yetirmək vacibdir. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi" imzalanıb. Cənab Prezident İlham Əliyev də vurğuladı ki, imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcək. Yəni ticarət sahəsində yarana biləcək hər hansı bir problemi fürsətə çevirmək istiqamətində işlər gedir. Çindən və İrandan idxal etdiyimiz bəzi malları Türkiyə malları ilə əvəzləyə bilərik. Preferensial Ticarət Sazişi də imkan verəcəkdir ki, həmin mallar Azərbaycan bazarında daha ucuz olsun. Eyni zamanda bu saziş nəticəsində Azərbaycan ixracatçıları da Türkiyəyə qeyri-neft sektoruna aid daha çox mal ixrac etmək imkanı qazanacaqlar".