BAKI, 29 fevral — Sputnik. ABŞ ilə Əfqanıstanın "Taliban" terrorçu hərəkatı fevralın 29-da sülh sazişi bağlayıblar.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Qətərdə bağlanan saziş Amerika qoşunlarının Əfqanıstan ərazisindən çıxarılmasını və əfqanlar arasında dialoqun başlanmasını ehtiva edir.
Təntənəli mərasimdə 30 ölkənin nümayəndələri iştirak ediblər. Müqavilədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi, danışıqlardakı nümayəndə heyətinə başçılıq edən Zalmay Xəlilzadın və taliblərin siyasi lideri molla Abdul Qəni Bəradərin imzaları var.
"Bu saziş bir çox səylərin nəticəsində əldə edildi, bununla təsdiq edirik ki, Əfqanıstan heç vaxt terrorçular üçün baza olmayacaq", - ABŞ Dövlət katibi Mayk Pompeo bəyan edib.
Müqaviləyə əsasən, ABŞ 135 gün ərzində Əfqanıstandakı hərbi heyətinin sayını 12 mindən 8.6 minədək azaltmağı boynuna götürür. Əgər taliblər bundan sonra zorakılıqdan çəkinsələr, Amerika həm öz, həm də NATO qüvvələrini 14 ay ərzində ölkədən çıxaracaq. Bunun müqabilində "Taliban" ABŞ və digər ölkələrə hücum üçün Əfqanıstan ərazisindən istifadə etməməlidir.
Saziş "daimi və hərtərəfli sülhü" nəzərdə tutur.
Bu minvalla, "Taliban"la Əfqanıstan hökuməti arasındakı danışıqlar ümuməfqan dialoqu çərçivəsində aparılacaq.
Ümuməfqan dialoqu başlayandan sonra "Taliban" BMT-nin Təhlükəsizlik Şurası ilə öz üzvlərinin adının sanksiya siyahısından silinməsi üçün danışıqlar aparacaq. Bunu 2020-ci ilin mayında gerçəkləşdirməyi planlaşdırırlar.
Əfqanıstanda müharibəni dayandıracağı gözlənən danışıqlar 2018-ci ilin iyulundan aparılırdı. 2019-cu ilin sentyabrında tərəflər müqavilə imzalamağa yaxın idilər, ancaq "Taliban"ın fəaliyyəti hər şeyi korladı - hərəkat bir amerika hərbçisinin öldüyü terror aktına görə məsuliyyəti boynuna götürdü. Bundan sonra Tramp siyasi prosesi ölü adlandırdı, ancaq ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi Zalmay Xəlilzad danışıqları davam etdirdi.
"Taliban" 1994-cü ildə Əfqanıstanda vətəndaş müharibəsinin qızğın vaxtında yaranıb. 1996-2001-ci illərdə taliblər ölkədə hakimiyyəti ələ keçirmişdilər, 2001-ci ildə devrildikdən sonra isə hökumət qüvvələri və NATO-nun Əfqanıstan və Pakistandakı hərbçilərilə partizan müharibəsi aparmağa başladılar. ABŞ Əfqanıstana ordunu 11 sentyabr terror aktından sonra yeridib. Hazırda taliblər və ölkə rəhbərliyi siyasi kompromis yolları arayırlar.