BAKI, 23 fevral — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İran İslam Respublikasına səyahət edən Azərbaycan vətəndaşlarına müraciət edib.
Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan XİN son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan Respublikasının vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının məsləhətlərinə əməl etmələrini tövsiyə edir.
Hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.
Məlumatda deyilir ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
Həmçinin İrandakı diplomatik korpuslarımızın koordinatları da məlumata əlavə edilib:
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
ÜNVAN: Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16
Telefon: (+9821) 22 55 82 99
(+9821) 22 55 42 55
Fax: (+9821) 22 55 81 83
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu
ÜNVAN: Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9
Telefon: (+98413) 333 48 02/04
Fax: (+98413) 331 53 80