CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qiymət artacaq – Pulunuzu havaya buraxmaqdan imtinanın vaxtıdır

© Sputnik / Murad OrujovPulqabında manatlar, arxiv şəkli
Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Bayramov: "Proqnozlaşdırılan həcmdə siqaret istehsalının artması gələcəkdə ən azı yerli siqaretlərin qiymətlərinin optimallaşdırılmasına gətirib çıxardacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Nazirlər Kabineti fevralın 17-də "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib. 

Siqaret, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda siqaret çəkən qadınlarla bağlı rəqəmlər açıqlandı
Sputnik Azərbaycan xəbər verir ki, qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.

Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Bəs, aksiz dərəcəsinin artırılması ölkəyə gətirilən siqaretlərin qiymətinə təsir edəcəkmi? Yerli siqaret istehsalında vəziyyət necədir?

İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, son illər Azərbaycanda yerli siqaret istehsalının həcmində artım müşahidə olunur: "İstehlakın ödənilməsində yerli siqaret istehsalının payının artması müşahidə edilir. Yerli istehsalın artması fonunda ölkəyə idxal edilən siqaret məhsullarına tətbiq edilən aksiz dərəcələrinin artırılmasını da görürük. Aksiz dərəcələrinin artırılması xaricdən idxal edilən siqaretlərin xərcinin, maya dəyərinin artmasına gətirib çıxardacaq. Azərbaycana xaricdən gətirilən siqaret məhsullarının xərclərində, maya dəyərində artımlar olduğu üçün bunun qiymət artımına gətirib çıxardacağı gözlənilir. Söhbət məhz ölkəyə idxal edilən siqaretlərin qiymətindən gedir. Çünki aksiz dərəcələri yerli istehsala təsir göstərmir".

"O baxımdan idxal edilən siqaretlərin maya dəyərində artımın olacağı gözlənilir. Güman olunur ki, bu da nəticədə idxal olunan siqaretlərin qiymətinə təsir göstərəcək" – deyə o qeyd edib.

Ekspert bildirib ki, Azərbaycanda siqaret istehsalının artırılması ilə bağlı xüsusi yanaşma var: "Tütünçülüyün inkişaf etdirilməsi siqaret istehsalının da artmasına gətirib çıxardır. 2018-ci ildə Azərbaycanda 4 milyard 949 milyon ədəd siqaret və papiros istehsal olunub. Bu da əvvəlki illərlə müqayisədə daha yüksəkdir. 2019-cu ildə bu rəqəm 5 milyarddan çox olub. Eyni zamanda tütün istehsalında da artımlar gözlənilir. Növbəti illərdə də siqaret istehsalının artacağı proqnozlaşdırılır. Belə ki, 2020-ci ildə ölkədə 6 milyard ədədə yaxın siqaret və papiros istehsalı proqnozlaşdırılır. 2021-ci ildə bu rəqəmin 10 milyard 156 milyon ədəd olacağı gözlənilir. 2022-ci ildə 10 milyard 370 milyon ədəd, 2023-cü ildə 10 milyard 648 milyon ədəd siqaret və papiros istehsalı proqnozlaşdırılır".

İçki və siqaret “nübarı” – Rusiyalılar etiraf etdilər

İqtisadçı hesab edir ki, idxal edilən siqaret məhsullarının maya dəyərinin artması fonunda yerli istehsalın genişləndirilməsi və yerli siqaretlərin qiymətlərinin optimallaşdırılmasına ehtiyac var: "Azərbaycan adambaşına düşən siqaret istehlakına görə regionda ən çox siqaret istehlak edilən ölkələrdən biridir. Yerli istehsalın keyfiyyətinin artırılması, istehsalın proqnozlaşdırılan həcmdə genişləndirilməsi vacibdir. Güman olunur ki, yaxın illərdə artıq Azərbaycan siqaret ixrac edən ölkəyə çevriləcək. İstehsalın artması fonunda yerli tələbin ödənilməsi ilə yanaşı, Azərbaycan regionda siqaret ixrac edən ölkələrdən birinə çeviləcək".

Мужчина курит сигарету, фото из архива - Sputnik Azərbaycan
Siqaret çəkməyin: Sonu depressiya və şizofreniyadır

"Proqnozlaşdırılan həcmdə siqaret istehsalının artması gələcəkdə ən azı yerli siqaretlərin qiymətlərinin optimallaşdırılmasına gətirib çıxardacaq. Yəni bu, növbəti illərdə yerli siqaretlərdə qiymət artımının qarşısının alınmasına səbəb ola bilər" – deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə 2018-ci illə müqayisədə siqaret idxalı 62,1 faiz azalıb, tütün ixracı isə 1,6 dəfə artıb. Ötən il ölkədə tütün məmulatlarının istehsalı 80,7 faiz artıb. 2019-cu ildə 3,1 min hektar sahədə tütün əkilib, həmin sahələrdən 6 min ton tütün yığılıb.

Onu da bildirək ki, "Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nda 2021-ci ilədək orta məhsuldarlıq 20 sent/hektar olmaqla əkin sahələrinin 6000 hektara, tütün istehsalının 12 min tona çatdırılması hədəf olaraq müəyyənləşdirilib.

Xəbər lenti
0