Şirvanşahlar sarayı – Qədim şəhərin ən gözəl binası

© Sputnik / Murad OrujovМинарет во дворце Ширваншахов
Минарет во дворце Ширваншахов - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmişə səyahətimiz çərçivəsində İçərişəhərin (Qədim şəhərin) meydanlarında, küçə və qalalarında gəzişməkdən zövq alaraq Şirvanşahlar sarayına gəlib çıxdıq

BAKI, 19 fevral – Sputnik. Bu gün klassik şərq memarlığının möhtəşəm nümunəsi – Şirvanşahlar sarayına (Şirvan hökmdarlarının qədim iqamətgahına) səyahətə çıxırıq.

Möhtəşəm baştağdan keçərkən, Şirvanşahlar kompleksinin minarəsini, türbəsini və həyətini görürsən və anlayırsan ki, buranın fərqli, “saray” interyerinə ehtiyacı olmayan, səxavətlə yapma naxışlar və qızıl ilə bəzədilmiş bir gözəlliyi var.

Qədim şəhər üzrə mütəxəssis, bələdçimiz Rahib Azərinin sözlərinə görə, sarayın inşasına XIII əsrdə başlanılıb və yalnız XVI əsrdə başa çatıb. Kompleksin xarakterik bir xüsusiyyəti onun olduqca mürəkkəb formasıdır. Üç əsr ərzində kompleks çox şey yaşayıb – o, həm dağıdılıb, həm də bərpa edilib. Binaların inşası üzərində çalışmış müxtəlif memarlar vahid formada və üslubda birləşən ahəngdar bir kompleks yarada biliblər.

“Maraqlısı odur ki, saray hələ bu gün də İçərişəhərin ən uca nöqtəsidir. O vaxtlarda Qədim şəhərdə heç bir bina və ya tikili Şirvanşahlar sarayından hündür ola bilməzdi”, - bələdçimiz deyir.

Əfsanəyə görə, sarayın inşası planlaşdırılarkən bütün şəhər ətrafında ət parçaları asılıb. Ətin ən gec çürüdüyü yerdə də tikinti başlayıb – bu o deməkdir ki, həmin yerdə mühit təmiz və sağlam idi.

Nəhəng saraydan savayı, ansambla 1411-ci ildə inşa edilmiş məscid, eləcə də hamam, türbə, məşhur Dərviş məqbərəsi, su anbarı və Divanxana daxildir. Bütün bunlar haqqında bir qədər sonra danışacağıq.

Köhnə hamam - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda tapılan yeraltı hamam bərpa edilib

Məscid və minarə, görüş otağı, türbə, hamamlar və məqbərə bu günə kimi qorunub saxlanılıb və tez-tez aparılan bərpa işlərinə baxmayaraq, ansamblın antik ruhu hələ də qalmaqdadır.

“Adi bir turistin bu mürəkkəb kompleksi gözdən keçirməsi üçün yarım saat da kifayət edəcək, amma tarixi qədimliyi sevənlər burada məmnuniyyətlə ən azı iki saat keçirəcəklər. Nəzərə almaq lazımdır ki, bu gün saray “3D” formatında da ekspozisiya təqdim edir”, - Azəri deyir.

Beləliklə, kompleksin əsas binasına daxil oluruq. Önümüzdə saray – 50 otaqdan ibarət möhtəşəm bir bina durur. Burada qədim məişət əşyaları, zərgərlik, silah, pul, musiqi alətlərinin maraqlı bir ekspozisiyası təşkil olunub. Növbəti zalda son dərəcə gözəl Şamaxı xalçaları nümayiş etdirilir. Küncdə isə milli musiqi aləti – kamança qoyulub. Elə buradan da ecazkar şərq melodiyası səslənir. Dəyirmi zalın mərkəzindən hər tərəfə oyma qapılar açılır. Ayrıca bir otaqda qədim silahların sərgisi təqdim olunur. Öz-özümüzə düşündük ki, yəqin altı əsr əvvəl burada şahı qoruyan zəhmli bir qarovul dəstəsi durardı, həmin bu silahları isə Şirvanşahların xidmətçiləri üzərilərində gəzdirərdilər. Burada həmçinin gözə şəbəkə (rəngli şüşələri və xırda naxışlı çərçivəsi olan pəncərələr), əl işləri ilə bəzədilmiş milli zərgərlik əşyaları və suvenirlər dəyir – bir sözlə əsl gözəlliyin şahidi olursan.

İsmətli şahzadə Qız qalasını necə Bakının simvoluna çevirdi>>

“Diqqət etsəniz, sarayın daxili hissəsi digər məşhur şərq iqamətgahları kimi dəbdəbəli deyil. Məhz bu xüsusiyyət qədim Azərbaycanın unikal atmosferini hiss etməyə imkan verir”, - bələdçimiz deyir.

Saray binasının qonşuluğunda əsas girişi hörmə naxışlarla bəzədilmiş və daş günbəzi olan səkkizguşəli Divanxana yerləşir.

Şirvanşahlar türbəsi isə kəsmə ulduzlarla bəzədilmiş və altıbucaqlı günbəzi olan düzbucaqlı binadır. Onun qübbəsinin altında üçü böyük və ikisi uşaq üçün nəzərdə tutulmuş beş məzar olan dəfn otağı yerləşir.

Sarayın aşağı həyətində məscid yerləşir. Məsciddə dünyanın müxtəlif yerlərinə baxan üç giriş, qadınlar və kişilər üçün ayrıca iki ibadət otağı, minarə və xidmət otaqları var. Əsas şimal girişində baştağı quraşdırılıb, onun üzərində isə ayaqqabılar üçün yuvarlaq oyuqlar var.

“Əvvəlcədən söylədiyim kimi, Qədim şəhərdə bərpa zamanı laqundadan istifadə edilmir, hər kiçik daş belə qorunub saxlanılır. Sarayda da belədir ... Sevindirici haldır ki, son bərpa işlərindən və yeni muzey ekspozisiyasının açılışından sonra ziyarətçilərin sayı artıb. Onların arasında təkcə şəhər sakinləri deyil, həm də qonaqlar da var”, - bələdçimiz deyir.

İstəmədən saata göz atırıq. Təəssüf ki, gəzintimiz başa çatdı. Müasir şəhərin həyatına və səs-küyünə qayıtmalıyıq. Saraydan çıxarkən binaya yenidən baxmaq üçün çevrilirik və əmin oluruq ki, qarşımızda həqiqətən də qədim Bakının memarlıq incisi durur.

Növbəti dəfə isə milli suvenirləri və əl işlərini nəzərdən keçirmək üçün gəzintiyə çıxacağıq.

Xəbər lenti
0