CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev: "İnsanların yola sərf edəcəyi vaxt azaldılmalıdır"

© Official website of President of Azerbaijan Republic İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib
 İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
"Havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir"

BAKI, 18 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, son illər şəhər nəqliyyatı ilə bağlı görülmüş işlərdən danışan Prezident İlham Əliyev dedi:

- Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur.

Son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı.

Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır. Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk. Eyni zamanda, mənim özəl şirkətlərə də tövsiyəm ondan ibarət idi ki, onlar da öz avtobus parklarına yenidən baxsınlar. Görürəm ki, bəzi şirkətlər bu istiqamətdə önəmli addımlar atırlar.

Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu da Davos Forumunun hesabatında əksini tapıbdır.

Şəhər nəqliyyatı ilə bağlı digər tədbirlər də görülür və görüləcəkdir. Eşitmək istərdim ki, keçən il görülmüş əsas işlər nədən ibarət idi? Bu il neçə yeni avtobus gətiriləcək və şəhər nəqliyyatında hansı yeniliklər olacaq?

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dedi:

İsuzu Novociti markalı avtobuslar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha bir marşrut xətti üzrə avtobuslar yenilənir

- Çox sağ olun, cənab Prezident. Keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb. Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyyət göstərmək istəyirdilər. Aydın məsələdir ki, onlar insanların rahatlığı üçün deyil, öz maraqları naminə fəaliyyət göstərirdilər. Biz onların sayını müəyyən tələblər əsasında 65-dən 37-yə endirdik. Ümumilikdə, beş il ərzində 855 avtobus yenilənib. Bunlardan 600-ü Sizin tapşırığınızla xarici ölkələrdən gətirilib. Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Sizin tapşırığınıza əsasən hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırırıq.

Eyni zamanda, məlumat üçün bildirim ki, bizim gətirdiyimiz yeni avtobuslar ətraf mühitə daha az zərər verən sıxılmış təbii qazla (STQ) işləyir. Dünyanın bir sıra böyük şəhərlərində STQ ilə az sayda avtobus işləyir. Məsələn, Vyanada STQ ilə işləyən avtobuslar, ümumiyyətlə, yoxdur. Berlində bu istiqamətdə pilot layihənin tətbiqinə başlanılıb. Moskvada 6475 avtobusdan 319-u, İstanbulda isə 3070 avtobusdan 239-u STQ ilə işləyir. Amma bizdə 2200 avtobusdan 600-ü artıq STQ ilə fəaliyyət göstərir. Daşıyıcılara da göstəriş verilib ki, STQ ilə işləyən avtobuslar gətirsinlər. Çünki benzinlə və dizel yanacağı ilə işləyən avtobuslar şəhərdə orta sürətlə hərəkət etdiyi üçün ətraf mühitə daha çox ziyan vurur.

Bu il üçün daha bir yenilik müxtəlif yerlərdə avtobuslar üçün habların yaradılması olacaq. Siz keçən ilin sentyabr ayında “Koroğlu” habının açılışında bu barədə tapşırıq vermisiniz.

Avtobus sürücüləri ilə bağlı əsas problemlərdən biri onların peşə hazırlığına və iş rejiminə daşıyıcılar tərəfindən ciddi nəzarət olunmamasıdır. Biz bu problemin üzərində işləyirik. Bu məqsədlə Sürücü Təlim Mərkəzi yaradılıb və Siz onun açılışında iştirak etmisiniz. İndiyədək 2800-dən çox avtobus sürücüsü Mərkəzdə təlim keçib.

Yol infrastrukturu üzrə də bir sıra işlər görülüb. Avtobusların, təcili tibbi yardım və yanğınsöndürən maşınların tıxaclarda qalmaması, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək üçün yollarda xüsusi zolaqlar ayrılıb. Bundan əlavə, 2018-ci ildə taksi xidmətinə dair yeni tələblər müəyyənləşdirilib. Bu tələblərdə şəhərdə və hava limanında hansı növ taksilərin fəaliyyət göstərməsi, tariflər əksini tapıb. Cənab Prezident, biz bu ilin birinci yarısında bütün marşrut xətlərində işləyən avtobuslarda ödənişin kart sistemi ilə aparılmasını təmin edəcəyik. Bu isə Sizin tapşırdığınız kimi, kölgə iqtisadiyyatının, eyni zamanda, qeyri-formal iş rejiminin aradan qaldırılmasına, sürücülərin 8 saatdan artıq işləməsinin qarşısının alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin şəffaflaşmasına imkan yaradacaqdır.

Ümumilikdə bizim əsas məqsədimiz sərnişinlərin daha az vaxt sərf edərək mənzilbaşına rahat, təhlükəsiz çatmasıdır. Bunun üçün nəinki Bakı Nəqliyyat Agentliyi, eyni zamanda, ictimaiyyət də fəal olmalıdır. Çünki şəxsi nəqliyyat vasitəsilə bir nəfər gedir, avtobusda isə 70-80 nəfərə qədər sərnişin olur. O bir nəfər avtomobilini yolda qeyri-qanuni park etdiyinə görə, avtobusun hərəkəti üçün çətinliklər yaradır. Son zamanlar parkinqlə bağlı cərimələrə görə insanların müəyyən narazılıqları olur. Amma Bakı paytaxt şəhərimizdir, bütün ölkələrin paytaxt şəhərlərində olduğu kimi, bizdə də insanlar avtomobillərini istədikləri yerlərdə park edə bilməzlər. Çünki əsas ictimai nəqliyyatdır, biz gün ərzində 2 milyon 200 sərnişin daşıyırıq. Sakinlər, əsasən, ictimai nəqliyyatdan istifadə edirlər. Ona görə, Sizin tapşırığınıza əsasən, biz ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq.

Prezident İlham Əliyev: Əlbəttə, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir. Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir. Çox yaxşı haldır ki, hazırda bütün nəqliyyat növləri arasında koordinasiya işləri də aparılır. Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır.

Əsas məsələ tıxacların azaldılmasıdır. Əlbəttə ki, bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik. Amma o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Bu, həqiqətdir. Sadəcə, 10 il bundan əvvəl mövcud olan mənzərəyə qayıtmaq lazımdır ki, bunu hər kəs görsün və bilsin.

Bizim əsas nəqliyyat damarlarımız demək olar ki, tamamilə iflic vəziyyətdə idi. Şəhəri hava limanı ilə birləşdirən əsas yol, baxmayaraq ki, dördzolaqlı sayılırdı, əslində, ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə mövcud idi. Ancaq bu gün bir dənə də dairə yoxdur, yəni hava limanından şəhərə çox rahat gəlmək üçün bütün imkanlar var. Təkcə bu deyil, hava limanına digər avtomobil yolunun çəkilişi də böyük əhəmiyyət daşıyır. Zığ istiqamətindən hava limanına, ümumiyyətlə, yol yox idi. O vaxt biz təşəbbüs göstərərək onu icra etdik və bu, bir çox məsələləri həll etdi. Eyni zamanda, deyə bilərəm ki, son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur.

Ancaq bununla yanaşı, nəqliyyat vasitələrinin sayı artır. Bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından xəbər verir. Statistika var, hər il ölkəmizə gətirilən və artıq hazırda ölkəmizdə istehsal olunan nəqliyyat vasitələrinin sayı artmaqdadır. Əhalimiz artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır. Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır.

Платежный терминал в автобусе, фото из архива  - Sputnik Azərbaycan
Hər şey ani olacaq, məlumatda dəyişikliyə icazə yoxdur

Bununla bərabər, bəlkə də bundan daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır.

Bir də maraqlanmaq istəyirəm, - indi şəhərin mərkəzi hissələrində avtobus xidməti kifayət qədər səmərəlidir, - qəsəbələrdə vəziyyət necədir? Qəsəbələrdə avtobus nəqliyyatı ilə bağlı hər hansı bir problem varmı? Varsa, onların həlli üçün nə etmək lazımdır?

Vüsal Kərimli: Cənab Prezident, son zamanlar qəsəbələrdə bəzi evlərin yollara yaxın tikilməsi yol infrastrukturunda bir az çətinliklər yaradıb. Biz bu ilin doqquzuncu ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcəyik. Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir. Sizin tapşırığınıza əsasən bu il alınacaq 415 avtobusdan 115-i artıq sifariş edilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur. Qəsəbələrin yol infrastrukturuna dair layihələri biz Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə hazırlayırıq. Bu istiqamətdə də işlər yekunlaşacaq.

Biz qəsəbələrdə əsasən kiçik hablar yaratmaq istəyirik. Bu kiçik habları Siz qeyd etdiyiniz kimi, dairəvi dəmir yolunun ətrafında yaratmaq istəyirik ki, bir-biri ilə əlaqəli olsun. Vətəndaş haba gələndən sonra şəhərə istəsə dəmir yolu ilə, istəsə də avtobusla gedə biləcək.

Prezident İlham Əliyev: Elədir. Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar.

Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır.

Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız. Ona görə, parkinqlə bağlı soruşmaq istəyirəm. Vəziyyət necədir və bu il hansı addımlar gözlənilir?

Vüsal Kərimli: Bu il biz parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb etmişik ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun. Çünki şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var. Şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə Molların və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməlidir və onların tarifləri olmalıdır. Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. “B” zonası fərqli qiymətdə olmalıdır. Bununla əlaqədar biz ilin ilk yarısının yekununda görülmüş işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb Sizə təqdim edəcəyik.

Prezident İlham Əliyev: Yaxşı, bu il görüləsi işlər çoxdur. Əminəm ki, ilin sonunda biz şəhər nəqliyyatını daha da inkişaf etmiş halda görəcəyik. Çünki bir daha demək istəyirəm, bu, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı üçündür. Onu da bildirməliyəm ki, dövlət xətti ilə böyük məbləğə alınan avtobuslar, əlbəttə, kommersiya baxımından bəlkə də 10 il, 20 ildən sonra özünü doğruldacaq. Biz bunu ona görə edirik ki, insanlar şəhər nəqliyyatından, avtobuslardan təhlükəsizlik şəraitində və rahat şəkildə istifadə etsinlər.

Xəbər lenti
0