CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elə mənimçün, öyrən özünçün: məktəblərdə yeni təmayül nə vəd edir?

© Photo : Baku city Education DepartmentВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Xaricdə insanlar peşə sahibi olmaqla özlərini xoşbəxt hiss etdikləri üçün ali təhsilə o qədər də önəm vermirlər. Bizdə isə peşə yönümü zəif olduğu üçün insanlar bir peşə ilə həyatlarını qazanacaqlarını düşünmürlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Uşaqların peşə və ixtisaslar seçməyi onların həyatının ən əhəmiyyətli addımıdır. Məhz bu seçimdən sonra uşaqlar öz gələcəklərinin formalaşması üçün çalışırlar. Valideynlər isə çox zaman uşaqlarının ixtisasını, peşəsini sərbəst şəkildə seçməsinə mane olur, uşağın ata-ananın seçdikləri ali məktəbdə ixtisas üzrə oxumasını arzulayırlar. Bu isə gələcəkdə diplomlu işsiz ordusunun yaranması deməkdir.

Xalis Cəlilovun əsərləri - Sputnik Azərbaycan
Unikal azərbaycanlı: Oxumuş mühəndis, oxumamış rəssam

2019/2020-ci təhsil ilində Təhsil Nazirliyi tərəfindən orta ümümtəhsil məktəblərində peşə təmayüllü siniflər yaradılıb. Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, bu günə qədər Bakının 20 məktəbində peşə təmayüllü siniflər yaradılıb. Buraya təmir-tikinti, kənd təsərrüfatı və inşaat sahələri daxildir. Bu günə kimi bu siniflərə 420-yə yaxın uşaq cəlb edilib. Bu siniflərdə uşaqlara peşə vərdişləri öyrədilir. Siniflərə bu peşələrə yiyələnmək istəyən 9-cu sinfi bitirən uşaqlar cəlb edilirlər.

Məlumata görə, peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyl, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilir. Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçirilir.

Peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas hədəflərindəndir.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orta məktəblərdə doqquzuncu sinifdən sonra bölünən təmayül siniflərində gələcəkdə ali təhsil almaq istəyən şagirdlərin sayı daha çoxdur. Yəni, məhdud sayda orta ümumtəhsil məktəblərində peşə təmayüllərinin açılması heç bir effekt verməyəcək:

"Birincisi, oraya gedən uşaqların sayı tam şəkildə formalaşmayacaq. İkincisi, orada bu tədrisi həyata keçirəcək müəllimlər və resurslar yoxdur. Üçüncüsü də bizim orta ümumtəhsil məktəblərimizin maddi-texniki bazası standartlara cavab vermir və ümumiyyətlə yoxdur. Bu sahəyə vəsait ayırmaq vaxt itkisidir".

Ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə məzunların 40-60%-i ümumi orta təhsildən sonra ilkin texniki peşə təhsili müəssisələrinə daxil olduğu halda, Azərbaycan üçün bu göstərici 11%-dir. Ölkədə 5500 nəfərdən artıq işçi heyətinə malik olan 116 dövlət və iki özəl texniki peşə məktəbi və kollec fəaliyyət göstərir. Bu məktəb və kolleclərin qeydiyyatdan keçmiş və 150-dən artıq müxtəlif fənn və ixtisas üzrə təhsil alan 23800-dən artıq tələbəsi var.

"Texniki peşə məktəbləri və kolleclərində tədris olunan proqramlar əksər hallarda eyni olur və proqramlar təkrarlanır. Digər mövcud problemlərdən biri də bir çox təhsil müəssisələrinin əsasən qaçqın və məcburi köçkün ailələrinin yaşadığı yerə çevrilməsidir. İlkin peşə təhsili müəssisələrinin binaları olduqca köhnəlmiş vəziyyətdədir və dövlət büdcəsindən maliyyələşmə mexanizmləri qeyri-müəyyəndir. Məktəb və kolleclərdə istifadə edilən dərslik və tədris planları çox vaxt müasir tələblərə cavab vermir", - ekspert vurğulayıb.

Azərbaycan Dövlət Tibb Universiteti - Sputnik Azərbaycan
ELM
Tibb Universitetində yeni ixtisaslar – Onlara ciddi ehtiyac var idi

Onun sözlərinə görə, münasib maliyyələşmə mexanizmlərinin və əlaqədar hüquq normalarının, eləcə də təhsil müəssisələrinin fəaliyyətləri üçün qabaqcıl monitorinq və qiymətləndirmə mexanizmlərinin olmaması və işçi heyətinin təlim səviyyəsinin qeyri-müəyyən olması da problemlər arasındadır. Bir çox hallarda müxtəlif sahibkarlıq tiplərinə aid olan müəssisələrlə texniki peşə təhsili müəssisələri arasında əlaqələrin zəif olması, ümumi təhsil müəssisələrində peşə təmayüllərinin olmaması və təhsil müəssisələrinin əmək bazarının ehtiyaclarına cavab verə bilməməsi kimi problemlərlə də qarşılaşılır.

Təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, 2019-2020-ci illərdə məktəblərdə peşə təmayüllü siniflərin yaradılması şagirdlərin peşəyönümlülüyünü artıran amildir.

Qərbi Avropaya nəzər saldıqda, orada ali məktəbə yönələn şagirlərin sayı, statistikaya görə, Azərbaycandan daha aşağıdır.

Bu isə o deməkdir ki, bu ölkələrdə insanlar peşə sahibi olmaqla özlərini xoşbəxt hiss etdikləri üçün ali təhsilə o qədər də önəm vermirlər. Bizdə isə peşə yönümü zəif olduğu üçün insanlar bir peşə ilə həyatlarını qazanacaqlarını düşünmürlər. Bu səbəbdən də orta məktəbi bitirən hər kəs ali məktəbə üz tutur. Bu fikri dəyişmək üçün məktəblərdə peşə təmayüllü siniflərin yaranması vacib addımdır. Bu gün orta məktəbləri bitirən insanlar ali məktəbə getməyə məcbur olmamalıdırlar. Peşə siniflərində aldıqları biliklərlə gələcəkdə şagirdlərimiz öz həyatlarını qazana bilməlidirlər. Bu səbəbdən də məktəblərdə yaradılan peşə sinifləri çox lazımlı və vacibdir.

Ekspertin fikricə, bu təcrübə dünyada var. Məsələn, Finlandiyada uşaqlara dülgərlik öyrədilir. Kiçik yaşlarından bu, uşaqların mental inkişafını artırır. Buna görə də şagirdlərin kiçik yaşlarından peşələrə yiyələnməyi, əl qabiliyyətlərini artırmaları çox önəmlidir. Yuxarı siniflərdə isə bu, artıq peşəyə çevrilə bilir.

Xəbər lenti
0