BAKI, 16 fevral — Sputnik. Antarktidanın Simor adasında son günlər anomal istilər müşahidə edilməyə başlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, son günlər burada iki temperatur rekordu qeydə alınıb.
Belə ki, 5 gün əvvəl orada temperatur 20 C-dən 20,75 C-yə qədər yüksəlib. Fevralın 6-da isə Antarktidanın qitə hissəsində isə digər bir rekord - 18,3 C qeydə alınmışdı. Simor adasında bundan əvvəlki rekord isə 1982-ci ildə olub – 19,8 C.
Karlos Skaferin rəhbərlik etdiyi araşdırma qrupunun məlumatına görə, bu ərazinin temperaturu hər zaman qəribə olub. XXI əsrin birinci onilliyində temperatur aşağı enib, növbəti müşahidə zamanı isə yüksəlib.
Alimin fikrincə, okean axınlarının dəyişməsinin səbəblərindən biri El Nino iqlim fenomeninin təsiridir. Meteoroloq qlobal istiləşmənin təsirinin də olduğunu bildirib.