Heç olmasa bir məsələdə yaponlar kimi ola bilərik və bundan çoxlu pul qazanarıq

© AP Photo / Luca BrunoБакинский олимпийский стадион, фото из архива
Бакинский олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Dübəndi: "Daxili reysləri pulsuz, yaxud da daha aşağı qiymətlə təklif etmək olar. Yalnız aviaşirkətlər deyil, turizm şirkətləri də bu işdə maraqlı olmalıdırlar".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 fevral — Sputnik. Yaponiya Hava Yolları yeni bir kampaniyaya start verib. Bu kampaniyaya əsasən, əcnəbi turistlərə Yaponiya daxilində bir şəhərdən digərinə getmək üçün 50 min ədəd pulsuz bilet ayrılıb.

Дед Мороз в окружении своих гостей в своей резиденции в Великом Устюге - Sputnik Azərbaycan
RUSİYA
Turist üçün nağıl. Əfsanələr şəhəri necə məşhurlaşdırır - FOTO

Yaponiya Turizm Agentliyi ilə işbirliyi çərçivəsində həyata keçirilən bu kampaniya 1 iyul - 30 sentyabr tarixlərini əhatə edəcək. Məqsəd isə ölkəyə daha çox turist axınını təmin etmək və onlardan daha çox gəlir götürməkdir. Belə aksiyalar nəinki Yaponiyada, Azərbaycanın qonşuluğunda olan ölkələrdə də reallaşıb.

Əksər ölkələr daha çox böyük yarışmalara ev sahibliyi edəcəkləri ərəfədə belə aksiyalara start verirlər. Bu il Azərbaycan üçün AVRO-2020-nin oyunlarına ev sahibliyi etmək baxımından yaddaqalan olacaq. Bəs Azərbaycan bu ərəfədə ölkəyə daha çox turist cəlb etmək üçün Yaponiya təcrübəsindən istifadə edəcəkmi? 

Turizm üzrə ekspert Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, çox yerdə, o cümlədən qonşu Türkiyədə ölkəni tanıtmaq üçün bu cür addımlar atılır. Ekspertin fikrincə, Azərbaycanda belə potensial var. Burada məqsəd aktiv turistləri Azərbaycana cəlb etmək və onlara ölkənin turizm imkanları haqda məlumat verməkdir.

"Dövlət Turizm Agentliyi (DTA-red.) məlumat yaymışdı ki, gələcəkdə ölkədə aviakampaniyalara subsidiyaların ayrılması, təşviqedici addımların atılması ehtimalı var. Bu təşviqedici addım dövlət büdcəsindən maliyyələşsə də, turizmin inkişafı, gəlirlərin Azərbaycana axını baxımdan müsbət nəticə doğuracaq. Düşünürəm ki, ən azı xərclənən vəsaitin 3 qat artığını əldə etmiş olacağıq", - deyə Quliyev bildirib.

Lakin digər ölkələrdə olduğu kimi Azərbaycanda da belə bir qərarın verilməsi aviaşirkətlərdən asılı deyil. DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bu barədə Sputnik Azərbaycan-a açıqlamasında bildirib. Onun sözlərinə görə, belə hallarda aviaşirkətlər ya daha ucuz,  ya da tamamilə ödənişsiz biletlər təqdim edirlər. Bununla onlar həm də öz dövriyyələrini artırırlar.

"Biz bir neçə il öncə Bakı Shopping Festivalının keçirilməsini təklif edəndə, bir neçə ölkənin təcrübəsini öyrənərək belə bir məlumat əldə etdik ki, o zamanlar Dubay aeroportu müxtəlif şirkətlərə uçuş marşrutlarını məhz onların məkanından salmalarını təklif edib. Bununla aviaşirkət Dubaya gələn sərnişinlərə iki gün hoteldə pulsuz gecələmə imkanı verib. Bu da çox gözəl bir təcrübədir", - deyə Dübəndi bildirib. 

Onun sözlərinə görə, DTA tərəfindən bir sıra ölkələrdə güclü təşviqat işləri aparılmaqdadır. Azərbaycanın bir neçə beynəlxalq aeroportu var. Biz Azərbaycana daha çox hansı şəhərlərdən turistlərin gəldiyini nəzərə alaraq, oradan birbaşa reyslər aça bilərik. O cümlədən də daxili reysləri pulsuz, yaxud da daha aşağı qiymətlə təklif etmək olar.

Dübəndinin fikrincə, yalnız aviaşirkətlər deyil, turizm şirkətləri də bu işdə maraqlı olmalı, yeni turizm məhsulu yaradılmalıdır.

"Burada dövlət tərəfindən ayrılacaq dotasiyaları da qeyd etmək lazımdır. Çünki belə aksiyaların baş verməsində ilk növbədə dövlət maraqlı olur. Bu dotasiyalar biletlərin haqqının aviaşirkətlərə ödənilməsi şəklində də ola bilər. Bundan başqa, pulsuz gecələmə günləri təqdim oluna bilər. Son nəticə olaraq biz turistlərin sayının artmasını görəcəyik. Bu isə ölkəmizin daha çox tanınması deməkdir", - Dübəndi əlavə edib. 

DTA-nın məlumatına görə, 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.4% artım deməkdir. Artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələri təşkil edir. Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünə nisbətdə 14.7% artım hesab olunur.

Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25.3% artım), Almaniya (20 min nəfər və ya 19.4% artım), İtaliya (12 min nəfər və ya 10.8% artım) və Fransadan (9 min nəfər və ya 15.2% artım) gəlib. Cənubi Asiya ölkələri arasında 65 min nəfərlə Hindistandan və 46 min nəfərlə Pakistandan müvafiq olaraq 66.8% və 12.9% artım qeydə alınıb.

Bakı-Balakən qatarı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təbriz-Culfa turist qatarı ilə bağlı yeni məlumat

Mərkəzi Asiya ölkələrindən gələn səyyahlar arasında Türkmənistandan gələn qonaqların sayı 85% artıb. Qazaxıstandan gələnlərin sayı da 26.1% artaraq 47 min nəfərə, Özbəkistandan gələnləri sayı isə 28.3% artaraq 23 min nəfərə çatıb. Azərbaycana səfər edən İsrail vətəndaşları arasında da 17% artım müşahidə edilib.

Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək 46.7% artım göstərib. Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62.4% artım müşahidə olunub. Bu il ərzində növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19.9%, Ukrayna üzrə isə 2.4% artım qeydə alınıb. 

Xəbər lenti
0