BAKI, 5 fevral — Sputnik. ABŞ rəsmiləri Ankara və Vaşinqton arasında gizli hərbi kəşfiyyat əməkdaşlığı proqramını dayandırdıqlarını açıqlayıblar.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Türkiyənin xüsusilə PKK terrorçularını vurmaq üçün bu əməkdaşlıq proqramından faydalandığı qeyd edilib. Bu qərar Türkiyənin oktyabr ayında Suriyanın şimalında YPG/PKK terrorçularına qarşı başlatdığı "Barış bulağı" əməliyyatından sonra verilib. Və proqramın dayandırılması qərarı ictimaiyyətə açıqlanmayıb.
ABŞ rəsmiləri məsələnin həssas olduğunu dilə gətirərək adlarını açıqlamayıblar.
ABŞ rəsmilərindən biri deyib ki, proqramın dayandırılması Türkiyənin PKK-ya qarşı mübarizəsini çətinləşdirəcək və Türkiyəyə baha başa gələcək.
Məsələ ilə bağlı açıqlama verən ABŞ Müdafiə Nazirliyinin sözçüsü, "Türkiyənin PKK ilə döyüşünü onillərdir dəstəkləyirik. Siyasətimizə görə, bu əməliyyat məsələsi ilə bağlı açıqlama vermirik".
Xəbərə görə, bir türkiyəli səlahiyyətli də proqramın dayandırıldığını təsdiq edib: "Son illərdə Türkiyə öz istehsal etdiyi pilotsuz uçan aparatlar vasitəsilə məlumat alma problemi yaşamır. Amma müttəfiqlər tərəfindən atılan bu addımlar iki ölkə arasındakı münasibətlərin yaxşılaşması üçün uyğun deyil".