BAKI, 23 yanvar — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyaya məxsus "S-400"lərin NATO-nun müdafiə sisteminə inteqrasiya olunmasını qiymətləndirmək üçün işçi qrupunun yaradılmasını təklif edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istindən xəbər verir ki, bunu Çavuşoğlu Davosda Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
"Narahatlıq bundan ibarətdir ki, "F-35" qırıcıları və "S-400" sistemləri uyğunsuzdur... Gəlin işçi qrupu yaradaq, NATO bu qrupa rəhbərlik edə bilər. Ekspertlərə bu məsələni öyrənməyə və öz qiymətləndirmələrini verməyə imkan verin".
Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.
Qeyd edək ki, ötən il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.