BAKI, 31 yanvar — Sputnik. Yerli mətbuat "Qarabağ" futbol klubunun "Fenerbahçe"yə təklif göndərdiyi haqda məlumat yayılıb. Şaiələrə görə, Ağdam təmsilçisinin rəhbərliyi "Fenerbahçe"dən ayrılmağa hazırlaşan Alper Potuku heyətinə cəlb etmək istəyir. İstanbul nəhəngi hələlik Azərbaycan çempionunun çağırışına cavab verməyib.
"Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, Alper Potuk müqavilə ilə "Fenerbahçe" klubuna məxsusdur: "Təbii ki, bu cür futbolçunun adının "Qarabağ"la səslənməsi xoşdur. Amma bu gün üçün real deyil. Klub tərəfindən təklif göndərilməyib".
Qeyd edək ki, 2013-cü ildə "Eskişehirspor"dan transfer olunmuş yarımmüdafiəçi "sarı-lacivərdlər"in gələcək planlarına daxil deyil. Ötən müddətdə 152 matça çıxaraq 12 qol vuran Alper artıq əsas heyətdəki yerini itirib. Ersun Yanal onun xidmətində maraqlı olmadığını Ali Koça təqdim etdiyi hesabatda göstərib. Baş məşqçinin fikrini əsas götürən prezident 27 yaşlı futbolçuya müştəri axtarmalarını menecerlərə tapşırıb. Potukun bir neçə elçisi var. Türkiyə millisində 35 oyun keçirmiş yarımmüdafiəçini icarəyə götürmək istəyənlər arasında "Sivasspor", "Denizlispor", "Rizespor" və "Kasımpaşa"nın adları hallanır.