BAKI, 30 yanvar — Sputnik. Çinin Uhan şəhərində olan 35 Türkiyə və 7 Azərbaycan vətəndaşının Türkiyəyə gətirmək üçün hazırlıqlar tamamlanıb. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca bildirib.
Məlumata əsasən karantin bölgəsi elan olunan Uhandan Azərbaycan və Türkiyə vətəndaşlarını çıxarmaq üçün Çin hökumətindən lazımı icazələr alınıb.
Nazir vurğulayıb ki, Uhanda olan şəxslərin təxliyə olunması üçün hərbi kargo təyyarəsi ambulans təyyarəsinə çevrilib: "Türkiyə və Azərbaycan vətəndaşları "Koca Yusuf" əməliyyatı ilə təxliyə ediləcək. Vətəndaşlarımızda hazırda belə bir xəstəliyin olmadığını bilirik. Lakin yenə də ilk tibbi müayinə Uhan hava limanında həyata keçiriləcək. Pilotdan, tibb işçiləri və təxliyə olunan şəxslərə kimi hər kəs xüsusi bir geyimdə olacaq. Türkiyəyə gətirilən vətəndaşlar, onları gətirən pilot və tibb işçiləri 14 gün karantində saxlanılacaq. Heç kimin ağlında sual işarəsi qalmasın. Türkiyə yoluxucu riski olan bütün xəstəliklərlə bağlı hər bir tədbiri görüb".
Xatırladaq ki, Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb ki, Çində yeni növ koronovirusdan ölənlərin sayı 170-ə çatıb.
Ölümün cəngindən qaçan tələbə: "Virusun olduğu şəhərlərdəkilər geri dönə bilmirlər" - FOTO
Məlumata əsasən xəstəliyə yoluxanların sayı 7711-ə çatıb. Virus artıq Tibetə də çatıb. Qeyd edək ki, Tibet Çinin sonuncu "təmiz" regionu idi.
Xatırladaq ki, ötən gün Çinin Uhan şəhərində meydana gəlmiş yeni koronovirusdan ölənlərin sayı 132 idi.
Hesab olunur ki, virusun yeni ştammı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.