Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 29 yanvar — Sputnik. Çində koronavirus yayılması orada təhsil olan tələbələrimiz baxımından narahatlıq doğurur. Artıq bununla əlaqədar olaraq, Təhsil və Xarici İşlər nazirlikləri, eləcə də Çindəki Azərbaycan Səfirliyi aktiv fəaliyyətə keçib.
Hələlik Təhsil Nazirliyinin xətti ilə gedən tələbələr geri qaytarılmayıb. Təhsil Nazirliyinin xətti ilə getməyən tələbələr arasında isə geri qayıdanlar var. Onlardan biri də Ülkər Eldarqızıdır. Bakı Dövlət Universitetinin "jurnalistika" fakültəsində təhsil alan Ü.Eldarqızı artıq iki ildir ki, təhsil almaq üçün Çində yaşayır. Həmsöhbətimiz Çinin Hefei şəhərində yerləşən University of Science and Technology of China(USTC) universitetinin magistratura pilləsində təhsil alır.
O, bir neçə gün öncə Bakıya qayıdıb. Ü.Eldarqızı Sputnik Azərbaycan-a Çindəki son vəziyyətdən danışıb: "Çindən Bakıya gəlmək üçün ötən ilin noyabrında yanvarın 15-i tarixi üçün bilet almışdım. Yay tətilində evə qayıtmamışdım, fikirləşdim ki, qış tətilimi burada keçirdim. Noyabrda isə virusla bağlı müəyyən xəbərlər yayılsa da, bu, o qədər də böyük vüsət almamışdı. Hadisələrin bu qədər ciddi cərəyan edəcəyini düşünməmişdim. Çünki mən qayıdanda vəziyyət normal idi, hər yer işləyirdi, hamı maskasız gəzirdi. Ümumiyyətlə, Çində təhsil alanların bir qismi Təhsil Nazirliyinin xətti ilə qəbul olunub, bir qismi isə özü müraciət edib. Mən şəxsən müraciət edərək qəbul olunmuşam. Bu səbəbdən Təhsil Nazirliyi mənimlə əlaqə saxlamadı".
"Biletim fevralın 15-dəkdir. Əldə etdiyim məlumata görə, karantin bölgəsində olmayan tələbələr də Çindən Bakıya geri dönürlər. Çünki artıq universitetlər bağlıdır deyə, orada qalmağın əhəmiyyəti yoxdur. Lakin virusun olduğu şəhərlərdə təhsil alanlar geri dönə bilmirlər. Bundan başqa, qayıtmaqdan qorxanlar da var. Çünki belə olan vəziyyətdə evdə qalmaq daha təhlükəsizdir, nəinki yola çıxmaq", - deyə o əlavə edib.
Ü.Eldarqızı deyir ki, yaşadığı şəhərdə ətrafda virusa yoluxanlar olmayıb. Onun şəhəri virusun olduğu şəhərdən çox uzaqdadır: "Orada belə virusların tez-tez olduğunu deməzdim. Ona görə də Çinə gedərkən də bu cür şeylər məni qorxutmurdu. Ümumiyyətlə, virus elə bir şeydir ki, orada xəstəlik birdən-birə ortaya çıxmır. Deyərdim ki, azərbaycanlıların Çinlə bağlı düşüncələrinin əksəriyyəti yanlışdır".