İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 29 yanvar — Sputnik. Son illər ölkədə taksi fəaliyyəti ilə məşğul olmaq xeyli asanlaşıb. Sürücülük vəsiqəsi olan istənilən şəxs yağışdan sonra göbələk kimi artan taksi şirkətlərinə müraciət edərək, orada işə düzələ bilir. Bu zaman bəzən nə şirkətin işçiləri sürücünü heç olmasa üzdən tanımırlar, eləcə də sürücü şirkətin harada yerləşməsindən xəbərdar olmur. Hər şey internet və telefon üzərindən qurulur. Müvafiq olaraq, şirkətin nə avtomobilin vəziyyəti, nə də taksi sürücüsünün professionallığı və sağlamlığı barədə məlumatı olur.
Azərbaycan Prezidenti İlham Əliyev də bir müddət öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edən zaman yük avtonəqliyyat vasitələri, yerli daşıyıcıların mənafelərinin müdafiəsi, onların beynəlxalq bazara çıxışının daha da optimallaşdırılması ilə yanaşı, regionlarda taksilərin vəziyyəti, taksi xidməti göstərən daşıyıcılar, onlarla bağlı ümumi mənzərə, taksi sürücülərinin tibbi müayinədən keçirilməsi və sair bu kimi məsələlər müzakirə etmişdi.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, qarşıya qoyulan tapşırıqlardan biri də taksi xidməti və taksi sürücülərinin tibbi müayinəsi ilə bağlıdır. Belə ki, görüşdə səsləndirilən mövzuların araşdırılması üçün DANX-ın nəzdində işçi qrupu yaradılıb və taksilərlə bağlı təhlillər aparılıb.
İşçi qrupu tərəfindən ölkədə təxminən 44 min rəsmi və qeyri-rəsmi taksi fəaliyyət göstərdiyi müəyyən edilib. Təhlillərə görə, bu taksilərin 27 mini Bakıda, 17 mini isə regionlarda fəaliyyət göstərir. Qeyd edilib ki, regionlarda xidmət edən 17 min taksidən 3800 ədədi fərqlənmə nişanı ilə, 13 mindən çoxu isə fərqlənmə nişanı almadan qeyri-rəsmi fəaliyyət göstərir.
Bölgələrdə müasir taksilər işləyəcək - Köhnələr yığışdırılır?
N.Allahyarova həmçinin əlavə edib ki, statistikaya əsasən Daxili İşlər Nazirliyinin mövcud strukturu ilə baza işlənməsi prosesi həyata keçiriləcək. Belə ki, həmin bazada rəsmi və qeyri-rəsmi qeydiyyatda olan taksi xidmətləri barədə məlumat olacaq və onlarla bağlı ciddi təhlillər aparılacaq.
Yəni bundan sonra artıq nəqliyyat vasitəsi olan hər bir şəxs taksi xidmətinə başlaya bilməyəcək. Onun sözlərinə görə, qanunvericilikdə yer alan boşluqlardan biri də taksi xidməti göstərən sürücülərin bu fəaliyyətə başlaması üçün əldə etməli olduqları fərqlənmə nişanının vergi öhdəliyi ilə kifayətlənməsidir.
Ancaq bundan sonra fərqlənmə nişanı almaq da asan olmayacaq. Belə ki, yeni baza hazırlanacaq və bu özündə həm fərqlənmə nişanını ehtiva edən bir sənəd olacaq. Yəni kimin bu xidməti hansı avtonəqliyyat vasitəsilə, hansı ərazidə xidmət göstərə biləcəyini, avtonəqliyyat vasitəsinin ilini, vəziyyətini, komfortunu, təhlükəsizliyini və sürücünün ümumi göstəricilərini uyğunlaşdırmaq üçün qoyulan qaydaları özündə əks etdirəcək.
Qaydalara uyğun olmayanlar isə fərqlənmə nişanı əldə edə bilməyəcəklər. Qurum bununla bağlı, artıq hökumətə müraciət edib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olmaq üçün Nazirlər Kabinetinin xüsusi qərarı var. Həmin qərara görə, taksi fəaliyyəti ilə məşğul olanlar həmin standartlara cavab verməlidirlər.
"İlk növbədə avtomobil taksi fəaliyyətinə yararlı vəziyyətdə olmalıdır. Avtomobilin vizual görünüşü, daxili interyeri olmalıdır. Taksilər sınıq-salxaq avtomobillərdən olmamalıdır. Sürücülər Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı Nəqliyyat Agentliyindən, digər rayonlar fəaliyyətlə məşğul olmaq üçün isə Dövlət Avtomobil Nəzarəti Xidmətindən fərqlənmə nişanı almalıdır. Sürücünün VÖEN-ni olmalı, vergi ödəyicisi olmalıdır", – deyə ekspert bildirib.
Onun sözlərinə görə, bir neçə il bundan əvvəl taksi avtomobillərində rəng məsələsi gündəmə gəlmişdi. Sonradan ağ, sarı və bənövşəyi rənglər taksilər üçün məqbul bilindi: "Amma biz Bakı şəhərində də, bölgələrdə də hər rəngdə taksi fəaliyyəti ilə məşğul olan avtomobillər görürük. Sürücünün etik qaydalara əməl etməsi, küçə və yollara bələd olması, müştəri ilə münasibət qurmaq üçün etik qaydalara riayət etməsi də zəruri hallardan biridir. Xarici dil bilgiləri ilə bağlı da müəyyən tələblər var. Sürücülər rus-ingilis dilində elementar danışıq dilini bilməlidir".
Ekspertin fikrincə, bu sahədə qaydaların olması xidmət sahəsində müsbət addımların atılmasına səbəb ola bilər. Çünki uzun illərdir ki, bu sahədən şikayətlər daxil olub.
"Sürücülərin kobudluğu, təhlükəli sürüş, kobud ifadələr istifadə etməsi məsələsi daim gündəmdədir. Bu baxımdan hesab edirəm ki, müəyyən qaydalar tətbiq edilməlidir. Amma bu məsələnin nə zaman reallaşacağı, nə effekt verəcəyi hələ müzakirə predmeti deyil. Çünki illər əvvəl də bu məsələ ilə bağlı Nəqliyyat Nazirliyi də müəyyən addımlar atmağa çalışdı. Amma effekt vermədi", – deyə E.Muradlı vurğulayıb.